Polad Aslanov cəzaçəkmə müəssisəsində aclığı dayandırıb

1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan xeberman.com saytının redaktoru Polad Aslanov iyulun 12-də başladığı aclıq aksiyasını bazar günü dayandırıb. Bu barədə Turan-a onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, aksiya Polada qarşı təzyiqə son qoyulması ilə əlaqədar dayandırılıb.

O qeyd edib ki, cəza kamerasında Poladın yanına iki məhbus yerləşdirilib, onlar Aslanova təzyiq göstəriblər. Onları karserdən çıxardıqdan sonra Polada qarşı təzyiqə son qoyulub.

Gülmira Aslanovanın sözlərinə görə, aksiya boyunca ərinə yalnız Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkib.

Bir müddət əvvəl Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Aslanovun aclıq etməsi, ona qarşı təzyiq olması haqqında məlumatın həqiqətə uyğun olmadığını bildirmişdilər.

P. Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb.

Əvvəlki məqaləKonfrans Liqası: Potensial rəqiblər bəlli oldu
Növbəti məqalədəSədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub