Qərbdəki yardımçıları ermənilərə yardım elədi, yoxsa onları bədbəxt elədi? – Rövşən Əliyev

Rövşən Əliyev

Qurban və çurban olmaq təhlükəsi

Detallı istinadlarla yazmağa əhvalım, vaxtım imkan vermir. Çox fəlakətli bir proses gedir, amma başqa bir yazan yoxdur. Güvəndiyiniz dağlar isə fəlakəti dərinləşdirməyə yönələn şeylər yazırlar.

Yenə konspekt formasında yazım.

Ramiz Mehdiyev getsə də, əməlləri yaşayır. Kreml 2015-ci ildə Azərbaycan hakimiyyətinin əli ilə komaya saldığı sivil toplumun və medianın tabutuna mıx vurmağa gəlir.

Nə Ramiz? O kimdir? Kim ona bu rolu vermişidi?

Sivil topluma qarşı repressiyanı Ramizin ayağına yazanlar indi universal dəyərləri, demokratiyanı, söz azadlığını, seçkini, hakimiyyət bölgüsünü gözdən salanların önündə gedirlər. 20 ildir demokrat kimi tanıdıqlarımız mismarlanan demokratiya tabutunu toy-bayramla son mənzilə yola salırlar.

Qarabağ məsələsi burda manipulyasiyalara geniş meydan açır. (Münaqişənin tarixindəki ədalətsizliklər bu manipulyasiyanı qidalandırır, ona görə yazı boyu bəzi haşiyələrə gedəcəm.)

Fəlakətin siyasi tərəfi budur. Manipulyasiya olunmuş cəmiyyət demokratiyaya, respublikaçılığa nifrət eləməyə başlayır. Bir çıxıb deyən yoxdur ki, burda demokratiya Qərbə lazım deyil, sənə lazımdır. Sənin çurban edliməməyin üçün lazımdır. Deyən yoxdur ki, erməni millətçilərinin getdiyi yol o xalqa nə qazandırdı ki, indi sən onun yolunu yamsılayırsan?

Fəlakətin mədəni tərəfi də var. Bunun isə ağır siyasi nəticələrini onillər sonra daha aydın görəcəyik. Qafqazın düşdüyü bataqlığın, milli münaqişənin kökü mədəniyyətin səhv təfsirinə və bundan siyasi məqsədlər üçün istifadəyə gedir. Erməni millətçilərinin bu fəlakətli yoluna azərbaycanlılar da zaman-zaman şirnikiblər, ancaq azərbacyanlıların millətçiliyini, turançılığını heç vaxt ciddi qəbul eləməmişəm. Bunun üçün əvvəllər ciddi əsas olmayıb. 1991-ci ildə “Azadlıq” qəzetində işləyəndə redaksiyada bir zarafat dolaşırdı: “Bəylər yenə bəyanat gətiriblər.” Fəalların gündə bir bəyanat gətirib çapı üçün dirəşməsi bizi bezdirmişdi, heç birini yayına vermirdik, sadəcə vaxtımızı alırdılar.

Çoxunu da mənim üstümə göndərirdilər – informaisya şöbəsinin müdiri idim. Bir dəfə bir bəy gəldi, əlində bəyanat, məlumat, nizamnamə dəsti. Dedi ki, Dünya Azərbaycanlıları Birliyi yaratmışıq. Bu barədə məlumat verməlisən. Dedim hesabınızda nə qədər pul var. Udqundu. Dedi 10 rubl nizamnamə haqqı. Dedim gedin, hesabda 10 milyon rubl olanda gələrsiniz, bu məlumatı verəcəm. Yəni bu Turan-muran söhbətlərindən tutmuş Qafar Çaxmaqlının çaxma İrəvan respublikasınacan hamısını boş verin, uzağı bir loqoları var, onu da əminəm ki, düzəltdirməyə vəsaitləri olmayıb, dizayner könüllü yardım eləyib. Ölkədə institutlaşmış millətçilik olmadığı üçün məsələnin bu tərəfi indiyəcən ciddi deyildi. Elmlər Akademiyasının təzəlikcə köhnə daşnak metodlarina keçməsini saymasaq, institutlaşmış millətçilik yox dərəcəsində idi. Təcavüzə, şərə, saman altdan su yeritməyə, bicliyə qarşı azərbaycanlıların spontan və idarəolunmaz reaksiyasını institutlaşmış millətçiliklə qarışdırmayaq. Erməni təşkilatları etink millətçiliyi institutlaşdırdıqları üçün o barədə danışmağa dəyər.

Qafqazda və Anadoluda etnik ədavətin binası 19-cu əsrdə Cenevrədə (Hnçak 1887) və Tiflisdə (Daşnaktsutyun, 1890) qoyulmuşdu. Bu təşkilatlarının liderləri, sonradan isə bir sürü ziyalı ermənilərin türklərdən mədəni üstünlüyünü aksiom kimi qəbul eidb bunu əsas arqumentə çevirdi. Bu, sırf irqçi, ayrı-seçkiliyə əsaslanan baxış idi. Sosializm ideyaları ilə pərdələnsə də, (hələ də dünyanın sosialist təşkilatları arasında Daşnaktsutyun nasistlərinin qızğın tərəfdarları var) sonradan hüquq müdafiəsi donu geydirilsə də (Boner, Saxarov, Starovoytova), Hnçak və Daşnaktsutyunun mübarizəsi etnik niftrətə və terrora əsaslanırdı. Bir əsrdən çox erməni ictimaiyyətini öz təsiri altında saxlayan həmin ideyalar nasistlərin lebensraumunun kopyasıdır. Bu aşkar bənzərliyə baxmayaraq, Qərb ölkələrində onların işinə bəzilərinin dəstək verməsi və dəstəyin hansısa formada bu günəcən davam eləməsi, “köçəri”, “tatar” sözlərinin rasist kontekstdə işlədilməsini görməməzliyə vurmaları azərbaycanlıları qıcıqlandırıb, onlarda bütövlükdə Qərbə qarşı inamsızlıq yaradıb.Bu inamsızlıqdan da indiki hakimiyyət məharətlə istifadə eləyib demokratiyanın qarşısını alır.

Mən sualı qəfil və tərsinə qoymağı xoşlayıram. Qərbdəki yardımçıları (bəlkə də təşəbbüsçüləri) ermənilərə yardım elədi, yoxsa onları bədbəxt elədi? Erməni məsələsinə Qərbin ənənəvi baxışı bəllidir, demək olar, dünyada qəbul olunub. Qəbul olunmasının da səbəbi Osmanlıda üçpaşa hökumətinin erməni xalqına qarşı törətdiyi cinayətdir. Kim istəyir soyqırım desin, kim istəyir köçürmə desin, kim istəyir erməni-musurman davası desin… Bu cinayətin miqyasının, tələfatının, amansızlığının dəfələrlə və düz bir əsr boyu artan xətlə şişirdilməsinin bəlkə başqa, ermənilərə xeyri olmayan səbəbi də var?

Ermənilərin yerinə olsam, bunu da araşdıraram. Məsələn, bəziləri öz günahlarının kölgədə qalması üçün şişirdə bilərlərdimi?

Nə günah? Belə bir versiya. Min ildən çox iç-içə yaşayan xalqlardan birini yanlayırsan ki, bəs bura sizin torpaqdır, müəlmanlar (bosurmanlar, vəhşi tatarlar, köçəri türklər) sizi indiyəcən əziblər, innən belə də qıracaqlar. Yavaş-yavaş bu ideyanı yeridirsən beyinlərə. (Tomas teoreminə görə çoxluğun səhv proqnoz verməsi sonradan proqnozun düz çıxmasına səbəb olur.)

Bu savadlı xalq bütün potensialını xərcləyir tarixi eşəlməyə, dünyanın harasındsa 5-3 faiz soydaşı yaşayırsa oranın qədim dövlətinin bir hissəsi olduğunu “sübut” eləməyə. Dünyanın harasında bir erməni əlifbasıyla yazılmış qəbir daşı görsə oranı “исконная армянская земля” adlandırmağa. Əhalisinin 5-40 faizi erməni olan bütün bölgələrə iddia eləməyə. 5-40 faiz dedim. 19-cu əsrdə Qafqazda bircə böyük yaşayış məntəqəsində əhalinin yarıdan çoxu ermənilər idi: Əylisdə.

Belədə Anadoluya və Qafqaza tam yiyələnmək iddiasını necə əsaslandırırdılar? Bura bizim olub, türklər (azərbaycanlılar) yersiz köçərilərdir. Biz mədəniyik, onlar vəhşidirlər. Bu irqçiliyi və absurdu görmək məntiqi yaxşı bilən avropalılar üçün çətin olmamalı idi. Necə yəni, çobanlar, qoyun sürüləri türklərindir, amma Ağrı-Ararat dağı sənindir? Necə yəni, sən sadəcə mədəni şəhər adamısan, sənətkarsan, amma geniş çöllər, otlaqlar sənindir? Orta əsrlərdə sərhədlər olmadığını, fərqli məhkəmələri, vergi sistemləri olan icmaların iç-içə yaşadığını, guya qərblilər bilmirlər? Bilirlər, sadəcə Qafqaz və Anadolu tarixinə daşnakların, indiki İranda və böyür-başında mövcud olmuş dövlətlərin tarixinə isə Pəhləvilərin barmaq eləməsini görməməzliyə vururlar. Onların narrativini qəbul ediblər. Tarix deyə bir elm yoxdur, azından bizim region üçün.

Tarix deyə bir dərs var. Şahid olduğumuz tarix. Azərbaycan müstəqil olmaq istəyəndə Kreml erməniləri qızışdırıb ona qaşrı qaldırdı, indi Ermənistan Avropa Birliyi ilə anlaşmağa başlayır, Kreml rolları dəyişmək istəyir. Bu rol ermənilərə nə verdi? Təcrübələri göz qabağındadır. Anadoluda əsas vətənlərini itiriblər, Qafqazda əsas qonşuları ilə düşməndirlər. Erməni xalqı ilə Azərbaycan xalqı birbaşa danışığa, çoxtərəfli təmasa girib problemi çözməyincə qapalı dövrə, rolların dəyişməsi davam edəcək.

Bunlar keçmişin ağır mirasıdır. Amma demokraityaya, universal dəyərlərə, respublikaçılığa qarşı bu mirası arqument gətirmək manipulyasiyadır. Daşnak və Putin yolu ilə getmək yox, onların qarşısına alternativlə çıxmaq lazımdır. Harda qaldı Şərqdə ilk demokratik cümhuriyyət, müsəlman Şəriqində ilk teatr… (Hərçənd 2500 yaşı olan teatrın 150 il qabaq bizə gəlməsi elə də forslanacaq bir şey deyil.)

Cümhuriyyətin, “müsəlman şərqində ilk opera”nın alternativi Azərbaycan üçün daha pisdir. Monarxiya və onun vacib ünsürü olan din. Yeri gəlmişkən, demokratiya qurmaq istəyənə Qərblilərin bəziləri kömək eləyə də bilər, eləməyə də. Ancaq monarxiya qurmaq istəyənlər üçün reseptləri tam hazıdır. Vəhabilər, nurçuar… Nə qaldı? Şiəmi? Bəs Xomeyni Fransadan gəlməmişdi?
MƏNBƏYazı müəllifin feysbuk hesabından götürülüb
Əvvəlki məqaləİlham Əliyev Qarabağda minaya düşüb həlak olan jurnalistlərin ailələrinə ev verib
Növbəti məqalədəSabah Vüqar Səfərlinin məhkəməsi başlayır