Koronavirus xəstələrindən rüşvət almaqda təqsirləndirilən həkimin məhkəməsi başlayır

Sabirabadda koronavirus xəstələrindən rüşvət almaqda təqsirləndirilən həkimin məhkəməsi başlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə Sabirabad rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Fazil Əliyevin koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əvvəlki məqaləTokioda uğursuz çıxış edən cüdo millimizin məşqçi heyəti qovuldu
Növbəti məqalədəBaş Prokurorluq və DİN vətəndaşlara saxta COVİD-19 pasportu satanlar barədə birgə məlumat yayıb