Ermənistan hökumətinin sözçüsü: “Türkiyə ilə dialoqa hazırıq, amma dəhlizlər barədə söhbət regionda sülhün bərqərarı məntiqinə ziddir”

Ankara və İrəvan rəsmiləri arasında effektli təmaslar başlayarsa, Ermənistan Türkiyə ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır.

Tass xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorgyan bildirib.

“Baş nazir parlamentin iclasında Türkiyə ilə danışıqlara başlamaq fikrindən bəhs etdi. O bildirdi ki, yüksək səviyyəli təmaslardan əvvəl işçi müzakirələr aparılmalıdır. Ermənistan Nazirlər Kabinetinin bu cür təmaslara hazır olmasına baxmayaraq, Ermənistan və Türkiyə rəsmiləri arasında hələ ki, heç bir əlaqə olmayıb. Bu cür səmərəli iş olarsa, Ermənistan yüksək və ali səviyyədə görüşlərə hazır olacaq”, – deyə o qeyd edib.

Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında o deyib:

“Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Bəzi bəyanatlarda kommunikasiyaların bərpası mövzusu transformasiya olunur və regional təcridin saxlanması məntiqini qazanır. Dəhlizlər barədə söhbət regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. O, təkcə region dövlətlərinin və xalqların təcrid olunmasına yox, həm də bu təcridə dönməzlik əlamətinin verilməsinə yönəlib. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub”, – Mane Gevorgyan bildirib.

Əvvəlki məqaləAvropa Şurası Rusiyada “qorxu atmosferində” keçirilən seçkiləri qınayıb
Növbəti məqalədəRusiyada səslərin 99 faizi sayılıb, ilkin nəticələr açıqlanıb