Gülnarə Mehdiyeva: “8 il ərzində hansısa sığınacağın yaradıldığını görə bilmirik”

Azərbaycanda uzun illərdir müxtəlif formalarda təzahür edən gender məsələləri ilə bağlı problemlər hələ də qalmaqdadır. Lakin bu problemlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində böyük ölçüdə həll olunmalı idi.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bir sıra məqsədli sənədlər qəbul edilməli idi ki, onların taleyi hələ də sual altındadır. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi nəzərdə tutulurdu. Proqramda deyilirdi ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək.

Abzas.net məsələ ilə bağlı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib, sorğuya veriləcən cavabdan məlum olub ki, bu istiqamətdə dövlət proqramları hazırlansa da, tətbiq olunmayıb.

Qurum sorğuya cavab olaraq bildirib ki, statistik rəqəmlər də idarəetmə və qərarqəbuletmədə qadınların təmsilçiliyinin artdığını deməyə əsas verir.

2005-ci ildə parlament seçkilərində qadınlar 11,2% təşkil edirdisə, 2020-ci ildə artaraq 18,2% olub. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2019-cu ildə 39%-ə çatıb. “Qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, kiçik və orta biznesin inkişafı, iştirakının artırılması və öz bizneslərini yaratmaq istiqamətində maarifləndirilməsi məqsədilə təşviqat kampaniyaları və dəstək tədbirləri həyata keçirilib. Sahibkarlar arasında qadınların xüsusi çəkisi son 10 ildə 3 dəfə artaraq 27%-ə (2021-ci il aprelin 1-inə olan məlumata görə) çatıb”, – deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sorğuya cavab verib. Qeyd olunub ki, Azərbaycanda kişi və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi; Əhali arasında gender bərabərliyi və qadın hüquqları haqqında məlumatlılığın artırılması məqsədilə “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Bununla bərabər, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasınının 7.4 bəndinin icrasının təmin olunması, Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”sı (CEDAW), Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Dayanıqlı İnkişaf Məqsədləri və digər beynəlxalq sənədlərə uyğun “Gender Bərabərliyi üzrə 2021-2025-ci illər Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılılıb və Nazirlər Kabinetinə təqdim olunub. “2021-ci il 6 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydasına uyğun olaraq sənəd üzərində işlənilir”, – deyə cavabda qeyd olunub.

Feminist fəal Gülnarə Mehdiyeva isə deyir ki, reallıq statistikalarda göstərilənlər kimi deyil.

“Əgər biz fəaliyyətinə baxsaq, bizə elə gələ bilər ki, 202-ci ilə kimi ölkədə məişət zorakılığı və qadınların hüquqları məsələsi ciddi səviyyədə həll olunacaq, bu sahədəifayət qədər irəliləmiş olacağıq. Əgər biz bu illər ərzində qadın qətillərinin, qadına qarşı zorakılığın ststistikasına baxsaq, görərik ki, yaxşılığa doğru zərrə qədər də dəyişiklik yoxdur”, – deyə o, əlavə edib.

Gülnarə Mehdiyeva deyir ki, həmin fəaliyyət planında göstərilir ki, sığınacaqlar və yardım mərkəzləri yaradılmalıdır, ancaq nəzərdə tutulan 2012-2020-ci illər ərzində sığınacağın yaradıldığını görə bilmədik.

Eyni zamanda yardım mərkəzləri də nəzərdə tutulurdu ki, biz onları da görə bilmirik. Əgər yaradılıblarsa belə, onlar elə fəaliyyət göstərirlər ki, heç kimin onlardan xəbəri olmasın. Onun sözlərinə görə, fəaliyyət planında uşaqlarla da bağlı məsələlər var idi. və Nəzərdə tutulurdu ki, işləyən qadınların uşaqlara baxmasını asanlaşdırmaq üçün hansısa addımlar atılsın. “Ancaq bununla da bağlı biz əyani nümunələr görə bilmirik. Ümumiyyətlə qadınların işə düzəlməsi ilə bağlı ciddi problemlər var. Xüsusən də bölgələrdə daha ciddidir və onların uşaqlarının qayığısına qala bilməsi üçün hər hansısa proqrama və nümunəyə biz rast gələ bilmirik. Ona görə də deyə bilərəm ki, o fəaliyyət planı kağız üzərində gözəl olsa da, nəticə ilə bağlı biz heç nəyə nail olmamışıq”, – deyə feminist fəal Gülanarə Mehdiyeva bildirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadarainin də mövqeyini öyrənməyə çalışdıq, amma deputat cavab verməkdən boyun qaçırdı.

Əvvəlki məqaləTaliban BMT-yə məktub göndərib, iclaslarda iştiraklarının təmin olunmasını tələb edir
Növbəti məqalədəAXCP üzvünə 17 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilir