OCCRP Araşdırmaçı Jurnalistlər Birliyi Rusiyada fəaliyyətini dayandırır

OCCRP Araşdırmaçı Jurnalistlər Birliyi Rusiyada fəaliyyətini tamamilə dayandırır. Bu barədə qurumun saytında məlumat verilib.

OCCRP-dən bildirilib ki, bu qərar Kremlin müstəqil jurnalistlərə qarşı başlatdığı kampaniya fonunda qəbul edilib. Layihənin baş redaktoru Dryu Sallivanın sözlərinə görə, hazırda Rusiyadakı çalışmalar “yerli jurnalistlərə xeyirdən çox zərər verə bilər”.

Drew Sullivan

“Bu, o demək deyil ki, biz ölkədəki genişmiqyaslı korrupsiya haqda yazmağı dayandıracağıq. Sadəcə başa düşürük ki, hakimiyyət öz adətinə uyğun olaraq, bizimlə əməkdaşlıq edən vətəndaşlarını cəzalandıracaq”.

Rusiyalı həmkarlara OCCRP ilə əməkdaşlığı davam etdirmək üçün xarici ölkəyə köçmək təklif edilib. Təklifdən imtina edənlərə qurum tərəfindən işsizlik müavinəti ödənilib və yeni iş tapmalarında yardım edilib.

OCCRP (“mütəşəkkil cinayətkarlıq və korrupsiyanın araşdırılması layihəsi”) KİV media və reportyorlar birliyinin əsası 2007-ci ildə qoyulub. Qurum dünyanın müxtəlif regionlarında araşdırmaçı jurnalistika ilə məşğul olur. OCCRP-nin ən məşhur beynəlxalq araşdırması “Panama arxivləri”nin yayımlanmasıdır.

2021-ci ilin yayında OCCRP-nin bir neçə rus jurnalisti “Xarici agent KİV” siyahısına daxil edilib.

Əvvəlki məqaləAzərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib
Növbəti məqalədəModul Tipli Hospitalın baş həkimi və həmkarları 67 min mənimsəyib