“Şimal Axını 2” qaz boru kəmərinin tikintisi başa çatdı

Rusiyanın Qazprom şirkəti cümə günü Almaniyaya gedən “Şimal Axını 2” sualtı boru kəmərinin tikintisini başa çatdırdığını bildirib.

Moskva bununla Ukraynadan yan keçərək qaz ixracat qabiliyyətini artırmaq layihəsini tamamlasa da, borunun axını hələ ki, tənzimləyicilər tərəfindən təsdiq almayıb.

Olduqca siyasiləşmiş boru kəməri Rusiyanın Baltik dənizi üzərindən Avropaya qaz ixrac imkanlarını ikiqat artıracaq.

“İdarə heyətinin rəhbəri Aleksey Miller Qazpromda keçirilən səhər yığıncağında” Şimal Axını 2-nin inşasının bu gün səhər Moskva vaxtı ilə 08:45 -də tamamlandığını bildirdi” deyə Qazprom məlumat yayıb.

Qazprom 1200 km uzunluğundakı qaz boru kəmərinin inşasına beş il əvvəl başlayıb.

11 milyard dollarlıq layihənin gedişatı ABŞ prezidenti Donald Trampın sanksiyalar tətbiq etməsi səbəbilə 2019-cu ilin sonunda dayanmışdı. Tikinti təxminən bir il sonra Rusiyanın öz gəmilərinin iştirakı ilə yenidən başlamışdı.

Marşrut mövcud Şimal Axını 1 boru kəməri ilə birlikdə illik ixrac gücünü iki dəfə artıraraq 110 milyard kubmetrə çatdıracaq ki, bu da Rusiyanın hazırda Avropaya ixrac etdiyi qazın təxminən yarısını təşkil edir.

Layihə başda ABŞ və Ukrayna olmaqla bir çoxlarının tənqidinə səbəb olub. Vaşinqton Avropanın Rusiyanın enerji təchizatına olan asılılığını artıracağını deyir.

Qazprom hazırda bölgənin qaz bazarının üçdə birindən çoxunu əldə tutan Avropanın ən böyük təbii qaz təchizatçısıdır.

Rusiya cümə axşamı bildirib ki, alman tənzimləyici razılıq verməyənə qədər Nord Stream 2 üzərindən ticari qaz tədarükü başlanmayacaq.

Qazpromun tikintinin başa çatdığına dair açıqlama Kyivdə şübhə ilə qarşılanıb. Ukrayna Moskvanın qaz nəqlini tamamilə dayandıracağı təqdirdə milyardlarla dollar qaz tranziti haqqını itirmək təhlükəsi ilə üzləşəcəyini bildirir.

Rusiyanın Ukrayna ilə hazırkı 5 illik qaz tranziti müqaviləsi 2024-cü ildən sonra başa çatır. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya və Avropaya qaz tranzitinin davam etməsini istədiyi təqdirdə yaxşı iradə nümayiş etdirməli olduğunu deyib.

Ukraynanın qaz boru kəmərləri operatorunun meneceri Olqa Belkova Reuters-ə elektron poçtla göndərdiyi şərhdə bildirib ki, “Tikintinin başa çatması onu işə salmaq demək deyil. Və bu boru kəməri sertifikatlaşdırılmayana qədər baş verməyəcək”.

Rystad Energy analitika şirkətinin Güc və Qaz Bazarlarının rəhbəri Karlos Torres Diaz da Şimal Axını 2 borularından qazın axması üçün vaxta ehtiyac olduğunu bildirib.

“İndiyə qədər bazardan heç bir reaksiya gəlməyib, buna görə də düşünürəm ki, bu da qısa müddətdə heç bir kommersiya tədarükünün gözlənilməyəcəyi gözləntilərini təsdiqləyir” – deyə, Torres Diaz bildirib. Kreml “hamının” Şimal Axını 2-nin qaz təchizatı üçün lazımi icazəni almasında maraqlı olduğunu deyib.

Almaniyanın enerji tənzimləyicisi Şimal Axını 2-yə əməliyyat lisenziyası verməlidir. Bu da Avropanın bölüşdürmə qaydalarına uyğun olmalıdır. Qaydalara əsasən ədalətli rəqabətin təmin edilməsi üçün boru kəmərlərinin sahibləri kəmərin tədarükçülərindən fərqli olmalıdır.

Qazpromun layihədəki ortaqları Almaniyanın Uniper, BASF-in Wintershall Dea, Shell, Avstriyanın OMV və Fransanın Engie şirkətləridir.

Əvvəlki məqaləAzərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair anlaşma memorandumu müzakirəyə çıxarılır
Növbəti məqalədəEldar Həsənov: “Məhkəmənin jurnalistlərə qapalı keçirilməsini xahiş edirəm”