Təcavüzdən yayınmağı, yoxsa qorunmağı seçirik? – Aliyə Dadaşova

Sənay adlı 17 yaşlı bir qız bir il əvvəl xalası oğlu tərəfindən cinsi zorakılığa məruz qalması iddiasını və istintaqa yığılan dəlilləri ictimailəşdirib. Onu buna bütün dəlillər varkən, işə xitam verilməsi, təcavüzçünün azadlıqda gəzməsi vadar edib. Sosial şəbəkədə yüzlərlə reaksiya doğuran bu məsələ haqda mətbuatda xəbər getsə də, prokurorluqdan bir açıqlama belə gözə dəymir.

Əvəzində bəzi səhifələr like, reytinq qarşılığında iddiaçının özünü qınayan ən zərərli mövqeləri tirajlayırlar.

Guya qız içməsəymiş, guya orda qalmasaymış və s. Halbuki, qınayanlar da yaxşı bilirlər, pivənin yerinə çay, evin yerinə öz otağı da ola bilərdi. Qurbanı suçlamaq müvafiq qurumları sorğulamaqdan asandı.

Bu bir yana. Zorlanmanın nə qədər ağır psixoloji travma, mənəvi işgəncə olmasını deməyə ehtiyac yoxdur, sanırdım.

Demə, bunu hesaba almayanlar varmış, onlara görə, zorlanma qurbanın psixoloji işgəncəsi yox, ilk növbədə onun gələcəyini, yaxınların nüfuzunu təhdid edən hadisədir. İndi onun nə çəkdiyi cəhənnəmə. Hətta sonra da.

Ona görə də qurbanı təcavüzçü ilə evləndirib, bu təcavüzə özləri də qol qoyurlarmuş.

Çünki, ilk növbədə özlərinin psixoloji durumunu düşünürlər, bu hadisənin açılıb da onları biabır edəcəyi, psixoloji əzaba çevriləcəyi qorxusundan qurtulmaq istəyirlər.

Mövzu haqda yazılan rəylərin çoxunda adamlar “təqsir qızda olub” deyə, “açıq geyməyə idi, pivə içməyə idi” deyə vicdanlarını rahatladır, gələcək təhdid hissindən qurtulurlar. Məlum, bu cür davranışlar kişilərin böyük çoxluğuna “yaxın münasibətlərə açığam” mesajı verir.

Amma mütəxəssislər deyir ki, ən çox təcavüz faktı məhz sizin evlənəndə axtardığınız, əxlaqlı dediyiniz, başıaşağı, həyalı, utancaq, namuslu qızların, qadınların başına gəlir. Cinsəl qısnamaya onlar məruz qalır. Çünki, təcavüzkar qurbanın bunu açıb ağardarsa “əxlaqsız” damğası alacağından qorxduğunu, susacağını bilir. Açıq geyim, sərbəst davranış, spirtli içki içmək onlara necə “Mənə yaxınlaşa bilərsən” mesajı verirsə, qapalı geyim, ürkək, başıaşağı davranış “Təcavüz üçün məni seçə bilərsən, qorxudan bunu kimsəyə deməyəcəm” ismarıcı ötürür.

Vaxtilə bu haqda kulisdə bir araşılrma da etmişdik ( https://kulis.az/news/21525)

Azərbaycan həm də hadisələrə sivil dünyada qəbul olunmuş insan azadlıqları və hüquqları prizmasından deyil, mentalitetin yazılmamış tezislərilə yanaşıldığı toplumdur. Və nə yaxşı ki, hamısı olmasa da, bu yazılmamış “qanunların” bir çoxu yazılmışlarla üst-üstə düşür. Elə bu məsələdə də. Kişilərə aid edilən qeyrət anlayışı məsələn. Toplum maskulindirsə, bu məsələlərin mənəvi sorumluluğunu kişilər öz üzərinə çəkir:

Qeyrət güclü cins olan kişinin zəifin əzilməsinə, haqqının tapdanmasına dözə bilməməsidir; güclü olduğu üçün (fiziki, sosial, mentalitetlə və s.) bu məsələdən dolayı , sorumludur, tənzimləyici odur. Qeyrət ədaləti bərpa etmək gücü, zəifi, haqlını qorumaq ruhudur, kimin nə geyməsi, kimin nə içməsi dərdi deyil.

Belə hadisələrdə qurbanın özünü qorumamasına ancaq təəsüflənmək olar.

Və təcavüzdən, ümumiyyətlə təcavüzkarlığın artmasından qorunmağın ən uzaqgörən yolu qurban ola biləcəkləri gözüqıpıq edib, çəkindirmək, həyatını məhdudlaşdırmaq yox, potensial təcavüzçünü qorxutmaq, onun cəzasız qalmayacağını göstərmək, heç nəyin ört-basdır olmayacağını anlatmaqdır.

Yayınmaq və qorunmaq arasındakı fərq budur. Yayınmağı, yoxsa qorunmağı seçirik?

Aliyə Dadaşova

Əvvəlki məqaləADR Hərəkatı partiya olub, Qubad İbadoğlu sədr seçilib
Növbəti məqalədəİspaniyada seks işçiliyi qadağan ediləcək