Zorlamada ittiham olunan şəxs faktlara baxmayaraq həbs olunmur

Bu günlərdə ölkə gündəminin əsas məsələlərindən biri də yazıçı Zümrüd Yağmurun qızı Sənay Yağmurun xalası oğlu tərəfindən cinsi təcavüzə məruz qalması ilə bağlı açıqlamaları oldu.

Açıqlamalardan məlum oldu ki, 2020-ci ilin avqustunda xalasıgilə gedən Sənay Yağmur xalası oğlu tərəfindən cinsi təcavüzə məruz qalıb. Belə ki, xalası oğlu Əsgər Ağayev Sənayın etibarından sui-istifadə edərək ona narkotik tərkibli içki içirdib. Sənay Yağmur xalası oğlunun təklif etdiyi içkini içdikdən sonra anlaqsız vəziyyətə düşüb və cinsi təcavüzə məruz qalıb.

Hadisənin yaratdığı psixoloji ağırlıqdan 2 gün sonra qismən özünə gələn Sənay ailəsi birlikdə polisə müraciət edib. Müxtəlif ekspertizalar təyin olunub. 3 ekspertiza rəyi üzə çıxarıb ki, Sənay həqiqətən də xalası oğlunun təcavüzünə məruz qalıb. Bütün bu rəylərə, hadisənin törədilməsini üzə çıxaran foto, video və audio faktlara baxmayaraq, prokurorluq orqanları işi bağlamağa cəhd ediblər.

Sənay işi ilə bağlı hüquqi prosedurları aparmaqda kömək edən sosial işçi Sənubər Heydərova deyir ki, bu cür işlərdə qurbanın psixoloji vəziyyəti nəzərə alınaraq ondan ancaq 1 dəfə ifadə almasına baxmayaraq, prokurorluq orqanları Sənaya qarşı dəhşətli pozuntulara yol veriblər. Belə ki, Sənaydan 30 dəfə ifadə alınıb və bu proses çox bərbad şəkildə aparılıb. Müstəntiqlər onun ləyaqətini alçaldan, onda travma yaradan mənasız suallar veriblər.

Sənayın anası yazıçı Zümrüd Yağmur açıqlama vererərək, prokurorluq orqanlarının işi batırmaq istədiyini, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanovun qanunsuz olaraq cinayət işinə xitam verdiyini bildirib. Bundan sonra o, prokurorluğa çağırılıb.

Baş Prokurorluqda baş prokuror Kamran Əliyevin birinci köməkçisi ilə görüşən Zümrüd Yağmur bildirib ki, ona işin Kamran Əliyevin nəzarəti altında yenidən araşdırıldığı və cinayət materiallarının araşdırılması üçün Yasamal Rayon Prokurorluğundan alınaraq prokurorluğun başqa orqanlarına veriləcəyi söylənilib.

Ancaq bunun da üzərindən bir neçə gün keçməsinə baxmayaraq, zorlamada ittiham olunan Əsgər Ağayev hələ də həbs olunmayıb.

Əvvəlki məqaləAzərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti qaldırılıb
Növbəti məqalədəFərid Mehralızadə: “İpotekayla ev almaq istəyən şəxs 30-40 min manat ilkin ödəniş etməlidir”