Akademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı brifinq keçirib.

Nazir müavini İdris İsayev çıxışı zamanı kredit şərtləri, faiz dərəcələri və güzəştlər haqqında danışıb.

2021-ci il iyunun 17-də Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Məqsəd aztəminatlı təbəqələrin təhsilə əlçatanlığını təmin etməkdir.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Tələbə kreditlərinin verilməsində əsas şərtlərdən biri də toplanan bal göstəriciləridir.

Nazir müavini brifinqdə deyib ki, Təhsil Tələbə Fondunun himayəçilik şurası təhsil tələbə kreditləri üçün minimal həddi müəyyənləşdirib.

Onun sözlərinə görə, tələbələr birinci semestrdə bakalavriat səviyyəsi üçün 300-700, magistraturaya 50-100 bal, subbakalavriat səviyyəsinə isə 110-300 bal nəticə göstərməklə kredit ala bilərlər.

Kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.

Azərbaycanda 146 373 tələbə ödənişli əsasla təhsil alır.

Nazir müavininin sözlərinə görə, tələbələrdən 98 430 nəfəri bakalavriat, 12 051 nəfəri magistratura, 35 892 nəfəri isə subbakalavriat üzrə oxuyur.

Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20 200 nəfəri dövlət hesabına təhsil alır.

Onlardan da 17 500-ü bakalavr, 1 200-ü magistr, 1 500-ü subbakalavrdır.

Ödənişli əsaslarla oxuyan tələbələrdən təhsilhaqqı ödəyənlərin sayı 126 173 nəfərdir.

Onlardan 80 930-u bakalavr, 10 851-i magistr, 34 392 nəfəri isə subbakalavrdır.

Nazir müavini ödənişli əsaslarla oxuyanlardan TTK almaq hüququ olanların sayını da açıqlayıb.

Onların sayı 56 208 nəfərdir.

40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır.

Kreditlərin verilməsi üçün müraciətlərin qəbuluna noyabrın 25-dən başlanılıb.

Təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi olmayacaq.

Kredit Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Qiyabi təhsil alanlara şamil olunmur.

Tələbələrə kreditlərin verilməsi zamanı faizlərin hesablanmasında və kreditin qaytarılmasında güzəştlər ediləcək.

İdris İsayev deyib ki, güzəştlər təhsilin nəticələrindən asılı olacaq.

Sosial kreditlər bir sıra güzəştlərlə tətbiq olunacaq. Belə ki, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq.

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunacaq.

Standart kreditlər üçün də müəyyən güzəştlər tətbiq ediləcək. ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq.

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunacaq.

Akademik borcu olan tələbələrə isə təhsil tələbə krediti verilməyəcək. Həmçinin normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kredit verilməsi nəzərdə tutulmayıb.

Təhsil tələbə kreditlərinin geri qaytarılması zamanı tələbələrə bu hallarda möhlət verilə bilər:

  • Yuxarı təhsil səviyyəsində əyani təhsil,
  • həqiqi hərbi xidmət,
  • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),
  • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət,
  • sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluq müddəti.

Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

Təhsilini başa vurandan sonra tələbə kreditini qaytara bilməyənlərdən pul məhkəmə yolu ilə alınacaq: “Heç bir tələbənin işsiz qalmasını istəmirik. Qanunvericiliyə görə, tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, vəsait məhkəmə qaydasında geri alınacaq”.

Kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılı olacaq.

Bakalavriat səviyyəsində təhsil alana 14-21 il, magistraturada oxuyana 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə isə 12-19 il müddət verilə bilər.

MƏNBƏMeydan TV
Əvvəlki məqaləTixanovskaya Aİ-ni Belarus hakimiyyətinə təzyiqi artırmağa çağırıb
Növbəti məqalədəNazirlik: “Azərbaycanda təhsil alma göstəricisi 98-99 faizdir”