Bloger Elçin Həsənzadə həbs cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb

Jurnalist Elçin Həsənzadə 8 aylıq həbsdən sonra bu gün, noyabrın 2-də azadlığa buraxılıb.

Bu barədə o, öz Facebook səhifəsində yazıb.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Xüsusi cinayət ittihamı qaydasında iddianı Mingəçevir şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını tələb edib. İddianın səbəbi sosial şəbəkələrdə məmur haqqında tənqidi paylaşımlardır.

Bundan öncə Mingəçevir şəhər Məhkəməsi onların barəsində islah işlərilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəz edib.

Elçin Həsənzadə hüquq-müdafiə fəaliyyətilə məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

Həsənzadə bildirib ki, o, korrupsiya faktını çəkib yaydıqdan sonra həbsə məhkum edilib.

“Məni korrupsiya faktını aşkar etdiyimə görə həbs ediblər. Statusumda “iribuynuzlu məmur” yazmışam, bunu təhqir hesab edib 8 ay həbs veriblər”, deyə o qeyd edib.

Vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli hər iki blogerin Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilən ifadə azadlığına görə həbs edildiyini bildirib.

Vəkil Zibeydə Sadıqova deyib ki, bloger araşdırmalarına görə təqib edilib.

“Bu qərar ifadə azadlığına qarşıdır və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (fikri ifadə etmək azadlığı) pozuntusudur”, deyə o qeyd edib.

Əvvəlki məqaləPrezident Amnistiya Aktı imzalayıb, kimlərə şamil olunacağı açıqlanıb
Növbəti məqalədəSeymur Baycan: “Azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər”