Biz, sivil toplum nümayəndələri, 2018-ci il mayın 8-də tutulan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovun 15 gündür ki, aclıq aksiyası keçirməsindən, onun sağlamlıq durumundan narahatıq. Vəkillərinin və əzizlərinin bildirdiyinə görə, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsi artıq onun sağlamlıq durumu ilə bağlı ağır fəsadlar yaradıb, onun həyatına real təhlükələr yaranıb.
Azərbaycanın müstəqillik qazanmasından bu günə qədər ölkə parlamenti 11 Aministiya Aktı qəbul edib, ölkə başçısı tərəfindən 67 Əfv sərəncamı imzalanıb. Bunlar ümumilikdə yüz minə yaxın məhkumun azadlığa çıxmasına və ya onların cəzalarının yüngülləşdirilməsinə gətirib çıxarıb. Belə aktlar məhkumların bir çoxu barəsində ədalətsiz məhkəmə qərarlarının nəticəsini aradan qaldırsa da, təəssüflər olsun ki, bu, ümumi olaraq, ədalətin qələbəsi anlamına gəlmir.
Əfv və Amnistiya aktlarının tətbiq edildiyi işlərin əksəriyyətinin analizi göstərir ki, mövcud məhkəmə-hüquq sistemi ciddi problemlidir, belə işlərin çoxu həmin problemlərin “məhsuludur”. Həm də bu sistemin problemlərinin nəticəsidir ki, hələ də ölkəmizdə siyasi məzmunlu həbslər baş verir, “vicdan məhbusları” problemi qalmaqda davam edir. Belə problemlərdən təkcə daxili ictimai-siyasi durum neqativ təsirlənmir, eyni zamanda beynəlxalq sferada ölkəmiz üçün gərginlik mənbəyi rolu oynayır.
Qeyd edilənlərin fonunda ədalətsiz məhkəmə qərarları ilə çoxsaylı təqsirsiz insanların, eləcə də, Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması, onun aclıq aksiyası keçirməsi, sağlamlığına həyati təhlükənin yaranması, habelə, yeni təqib olaylarının baş verməsi, ölkəmizin firavan gələciyini arzulayan, bunun üçün çalışan, bu yolda bütün səy və addımları dəstəkləyən bizləri ciddi narahat edir. Hesab edirik ki, bütün siyasi və vicdan məhbuslarının, xüsusilə də Saleh Rüstəmovun tezliklə azad edilməsi, “siyasi məhbus” problemini doğuran səbəblərin ortadan qaldırılması, vətəndaş cəmiyyəti qurumlarına əlverişli qanuni mühitin yaradılması, ifadə azadlığının təmin edilməsi, özəlliklə, məhkəmə-hüquq sahəsində islahatlara başlanması, ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı.