Tixanovskaya Aİ-ni Belarus hakimiyyətinə təzyiqi artırmağa çağırıb

Svetlana Tixanovskaya Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edib. Adətən belə şərəfə yalnız dövlətlərin birinci şəxsləri layiq görülürlər.

Lakin deputatlar keçən il Andrey Saxarov mükafatına layiq görülən Belarus demokratik qüvvələrinin lideri üçün istisna ediblər. Tixanovskaya çıxışında Belarus və Avropadan danışıb.

O, Aİ siyasətçilərini ötən il keçirilən prezident seçkilərində onun qələbəsini tanımayan ölkəsinin hakimiyyətinə təzyiqi artırmağa çağırıb:

“Biz Belarus xalqına kömək etməklə yanaşı, sanksiyalarda və siyasətdə ardıcıllığı qorumalıyıq. Belarusluların özləri kimi cəsarətli olun. Güclü qərarlar verməkdən qorxmayın, indi məhz bunun vaxtıdır. Avropada hələ də rejimlə əməkdaşlıq edən bir çox biznes var. Siyasətinizdə pulu əsas olaraq qəbul etməyin. Dəyərləri rəhbər tutun”.

Euronews-a müsahibəsində Tixanovskaya həmçinin bildirib ki, Belarus hakimiyyəti ancaq Aİ ölkələri ilə sərhədlərində gərginliyin azaldılması görüntüsü yaradır. O hesab edir ki, ilk növbədə orada ilişib qalan miqrantlara kömək etmək lazımdır:

“Lukaşenka və onun rejiminə bu adamlar lazım deyil. Onlardan istifadə etmək istəyirdi. O, şantajının işə yaramayacağını gözləmirdi. Bu o deməkdir ki, o da küncə sıxışıb. Biz humanitar missiya göndərməliyik. Əminəm ki, indi rejim bunu qəbul edəcək, çünki o da bu problemi həll etmək istəyir, amma buna pulu yoxdur”.

Əvvəlki məqaləVəkil Elçin Sadıqov Ali Məhkəmənin sədrinə müraciət edib
Növbəti məqalədəAkademik borcu olan tələbələrə təhsil krediti verilməyəcək