Baş Prokurorluq jurnalistlər, media orqanlarını və sosial şəbəkə istifadəçiləri barəsində intizam tədbirləri görüb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılması ittihamı ilə 2021-ci ilin dekabr ayının 16 və 17-si tarixlərində Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğluna xəbərdarlıq edib.

Bu barədə dekabrın 21-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə 18 dekabr 2021-ci il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya ehtiyatları barəsində cari ilin dekabr ayının 18-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov rayon məhkəmələrinin qərarları ilə hər biri barəsində 1.500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub”, – deyə məlumatda bildirilib.

Əvvəlki məqaləVüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Növbəti məqalədəVahid vəsiqə və reyestr – Mehman Əliyev