Fərid Mehralızadə: “Bahalaşma gələn il davam edəcək”

Bunu iqtisadçı Fərid Mehralızadə “Toplum TV”-yə ilin iqtisadi yekunlarını müzakirə edərkən  deyib.

Müsahibəni təqdim edirik.

-Fərid bəy, 2021-ci ili Azərbaycan iqtisadiyyatı üçün necə qiymətləndirirsiz?

-Azərbaycan iqtisadiyyatının bəzi fundamental və xroniki problemləri var ki, onlar həll olunmadı. Yəni neftdən asılılıq, ölkəyə investisiya qoyuluşu, ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməməsi əsas problemlər kimi qalmaqdadır. Amma reallıq ondan ibarətdir ki, iqtisadiyyatımız neft gəlirlərindən asılıdır və onun qiyməti bu il büdcədə nəzərdə tutulmuş həddən – 40 dollardan artıq olduğundan ciddi çətinliklər yaşanmadı. Bu baxımdan 2021-ci ili Azərbaycan iqtisadiyyatı üçün qənaətbəxş hesab etmək olar. Ən azından devalvasiya baş vermədi. Amma bir çox sahələrdə bahalaşma müşahidə edildi. Obrazlı şəkildə 2021-ci ili bahalaşma və devalvasiya ili adlandıra bilərəm. Ərzaq məhsulları 15%-dən çox bahalaşıb. Bu rəsmi rəqəmlərdir. Digər rəsmi göstəricilərə görə, əhalinin xərclərinin  50%-ni qida və ərzaq məhsulları təşkil edir. Üstəlik yanacaq, kommunal qiymətlər də artdı.

-Bahalaşmanın yeni ildə də davam edəcəyini gözləmək olarmı?

-Açığı, düşünürəm ki, bahalaşma gələn il davam edəcək. Hesablama Palatasının 2022-ci ilin büdcəsi ilə bağlı rəyində Azərbaycanda büdcə xərclərinin təxminən 40%-ə yaxını dekabr ayında nəzərdə tutulub. Yəni dekabrda dövriyyəyə böyük miqdarda pul daxil olur. Bu isə iqtisadi nəzəriyyəyə görə, daha çox inflyasiya deməkdir. Ona görə də ilin son ayları və növbəti ilin ilk ayları inflyasiya yüksək olur. Bu səbəbdən də əminliklə gələn ilin ilk yarısına qədər inflyasiya və bahalşmanın yüksək olacağını demək olar.

-Yeni ildən məvaciblər və təqaüdlər artmış olacaq. Bu artım baş verə biləcək növbəti bahalaşmanı kompensasiya edə biləcəkmi?

-Məncə, edə bilməyəcək. Birincisi, bu artımlar heç də əhalinin bütün sosial qruplarını əhatə etmir. Azərbaycanda təxminən 5 milyon 300 min iqtisadi fəal əhali var və bu rəqəmin cəmi 1milyon 700 mini əmək müqaviləsi ilə işləyir, yəni təxminən 30%-i.  Azərbaycanda qeyri-rəsmi məşğul əhalinin sayının çox olması hökumətin sosial tədbirlərinin effektivliyini aşağı salır. Çünki Azərbaycanda kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun miqyası böyük olduğundan bu artımlar ancaq rəsmi gəlirləri olanlara təsir edə bilər. Bir də onu nəzərə almaq lazımdır ki, rəsmi gəliri olanlar da heç real gəliri ala bilmir. Məsələn, kimsə 500 manat maaş alır, onun 250-ni rəsmiləşdirirlər, 250-ni isə ələ verirlər. Minumum əmək haqqını da artıranda 300 manatı artırıb, 200 manatı ələ verəcək. Yəni dəyişən bir şey olmayacaq. Həm də ölkədə son dəfə minumum əməkhaqqı 2019-cu ildə artmışdı. Bu artımları biz 1 ilin yox, 2 ilin kontekstində dəyərləndirməliyik. Bu baxımdan minumum əməkhaqqının 50 manatlıq artımı əsla bahalaşmanı kompensasiya edə biləcək hədd deyil.

-Qonşu ölkə Türkiyədə lirənin dollar qarşısında qeyri-sabit vəziyyətini müşahidə edirik. Bəs Azərbaycan manatı dollar qarşısında dayanıqlığını nə zamana qədər saxlayacaq? Sizcə, 2022-ci il özüylə bərabər devalvasiyanı da gətirə bilərmi?

-Azərbaycanda ölkəyə Neft Fondundan başqa dollar gəlişi çox cüzidir. Bizim büdcənin yarısından çoxunu Neft Fondundan transferlər təşkil edir. Məsələn, Neft Fondu bu il 12 milyard manat və ya 7 milyard dollardan çox vəsait əldə etməlidir. Demək bu il Azərbaycan 7  milyard dollarlıq neft satmalıdır. Büdcədə neftin qiyməti isə minumum 50 dollar götürülüb , qiymət 50 dollar olsa, bunu təmin etmək mümkün olacaq. Yox, əgər neftin qiyməti aşağı düşsə və  neft satışından Fonda  daha az vəsait daxil olsa, bu vaxt  iki seçimi qalacaq. Ya Neft Fondunun ehtiyatlarından istifadə olunacaq, ya da hökumət devalvasiyaya gedəcək. Hökumət ehtiyatlardan istifadənin uzun müddətli olacağını düşünsə, devalvasiyaya da gedə bilər. Ona görə də hər şey birmənalı olaraq neftin qiymətindən asılı olacaq. Əgər neft qiymətləri 6-7 ay 50 dollardan aşağı düşsə, hökumətin devalvasiyaya gedəcəyini düşünmək olar. Həm də devalvasiya Azərbaycanda iqtisadi yox, siyasi qərardır.

-2021-ci ili azad olunmuş torpaqlara geri qayıtmaq baxımından önəmli hesab etmək olar. Artıq bir sıra layihələr gerçəkləşdirilməkdədir, yollar çəkilir, aeraportlar tikilir və s. Qarabağdakı infrastruktur layihələrini şəffaf hesab edirsinizmi?

-Layihələri nə zaman şəffaf hesab etmək olur? Müstəqil iqtisadçılara, vətəndaş cəmiyyətinə müstəqil işləməyə imkan yaradılsa və bütün datalar əl çatan olsa, görülən işləri onda şəffaf hesab etmək olar. İndiki şəraitdə  müstəqil iqtisadçılar və vətəndaş cəmiyyəti üçün ölkədə ağır şərtlər olduğunu görürük. Belə olan təqdirdə heç bir layihənin şəffaflığından söhbət gedə bilməz. Eyni zamanda planlı şəkildə hesabatların hazırlanmasının da şahidi deyilik.

-Qarabağda irihəcmli yenidənqurma işlərinin aparılması ölkənin digər bölgələrində nəzərdə tutulan infrastruktur layihələrinin həyata keçirilməsində hansı problemlər yarada bilər?

-Bizdə hər il büdcədə 5-6 milyard manat  dövlət əsaslı vəsait qoyuluşu həyata keçirilirdi. Əvvəlki illərdə Qarabağ işğal altında olduğundan ora heç bir vəsait ayrılmırdı, həmin məbləğ başqa bölgələrə yönləndirilirdi. Həm 2021-ci ildə,  həm də 2022-ci ildə həmin məbləğin konkret 2,2 milyardını sırf Qarabağa ayırırlar. Belə görünür ki, orada reallaşdırılan layihələr normal axarı ilə davam edir. Bu da var ki, yerlərdə investisiyalar planlı şəkildə gerçəkləşdirilir. Yeni layihələrin gecikməsi baş verə bilər.

Əvvəlki məqaləBaydenlə Putin bir-birlərinə xəbərdarlıq ediblər
Növbəti məqalədəBöyük Britaniyada məmurlara “Brexit” sözündən istifadə etmək qadağan olunub