Saleh Rüstəmova dəstək aksiyasında saxlanılan iştirakçılar həbs cəzası alıblar

Dekabrın 2-də Səbail Rayon Məhkəməsində 4 AXCP üzvü və ictimai fəal, tələbə Rüstəm İsmayılbəyli haqda qərar çıxarılıb.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə (Karantin qaydalarını pozma) ittiham olunublar.

Məhkəmə AXCP üzvləri Səyyad Quliyevə 15 sutka, Elxan Əliyevə 20 sutka, Elçin Teymurova 25 sutka inzibati cəza qərarı çıxarıb.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və Rüstəm İsmayılbəyli isə 30 sutka azadlıqdan məhrum olunub.

Dekabrın 1-də paytaxtın “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti elə sonradan sərbəst buraxılıb.

Rüstəm İsmayılbəylinin yaxınları onun aksiya iştirakçısı olmadığını, dərsdən çıxıb gələrkən saxlanıldığını bildirirlər.

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 27 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, 15 kq çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ictimai-siyasi şəxs, hüquq müdafiəçiləri və jurnalistlər Saleh Rüstəmovun azad olunması tələbi ilə müraciət ediblər. Hələlik heç bir rəsmi reaksiya yoxdur.

Əvvəlki məqaləABŞ-da abortun qadağası ilə bağlı müzakirələr davam edir
Növbəti məqalədəCeyhun Bayramov Entoni Blinkenlə görüşüb