Adı şübhəli satınalmalarda hallanan şirkət Əmlak Məsələləri Dövlət Xidmətinin tenderində qalib gəlib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və “A4 PLAZA” MMC maliyyə dəyəri 81036.5 AZN (81 min 36 manat) olan satınalma müqaviləsi imzalayıblar.

Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb.

AbzasMedia xəbər verir ki, müqavilədə dəftərxana, təsərrüfat malları və kartriclərin satın alınması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan “A4 Plaza” MMC 17 oktyabr 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Elşən Abbasəli oğlu Məmmədovdur.

“A4 Plaza” MMC ilə bağlı yerli mətbuatda bir sıra maraqlı məlumatlar dərc edilib.

Məlum olub ki, “A4 Plaza” MMC şirkətinin adı bundan əvvəl bir neçə şübhəli tenderdə hallanıb.

Məsələn, “A4 Plaza” MMC şirkəti 12.07.2021-ci il tarixdə “Azəralüminium” Açıq Səhmdar Cəmiyyəti ilə müxtəlif növ və miqdarda məişət mallarının satınalınması üzrə keçirilmiş 69 190.83 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Maraqlı məqam ondan ibarətdir ki, adıçəkilən MMC-nin o dövrdə 219 min borcu olub.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına dəftərxana mallarının satın alınması üzrə 71 864.95 manat məbləğində satınalma müqaviləsi də 09.07.2021-ci il tarixdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəftərxana mallarının satınalınması üzrə 51 780.41 manat məbləğində satınalma müqaviləsi 09.07.2021-ci il tarixdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ilə 09.07.2021-ci il tarixdə müqavilə bağlanarkən vergi borcları barədə məlumat bazasında MMC-nin 192 589 45 manat borcu olduğu göstərilib. Yəni 4 gün ərzində MMC-nin borcu 27 min manat artıb.

“Azəraliminium” Açıq Səhmdar Cəmiyyətinin satınalmalar üzrə mütəxəssisi Rizvan Əbdürrəhmanov redaksiyaya bildirib ki, tender prosedurunun keçirilməsi zamanı sözügedən MMC vergi borcu olmaması barədə Tender Komissiyasına arayış təqdim edib.

Dövlətə 219 315.74 manat vergi borcu olan MMC-nin vergi borcu olmaması barədə arayışı hansı yollarla əldə etməsi ciddi sual doğurur.

Məlumat üçün bildirək ki, ödənilməmiş vergi öhdəliyi olan podratçı ilə satınalma müqaviləsinin bağlanılması “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.

“A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti son bir-iki ildə dəftərxana və təsərrüfat mallarının satınalması üzrə bir neçə dovlət qurumları ilə satınalma müqailələri bağlayıb. Bağlanmış müqavilələrdən də göründüyü kimi “A4 PLAZA” MMC o qədər də böyük vergi ödəyicisi deyil. 2021-ci ilin altı ayı ərzində MMC-nin müxtəlif qurumlarla bağladığı müqavilələrin məbləği 512 799 manat təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalında göstərilmiş 219 315.74 manat vergi MMC-nin qalibi olduğu tenderlərin heç birindən vergi ödəmədiyini göstərir. Dövlət Vergi Xidmətinin rəsmi portalında “A4 PLAZA” MMC-nin hazırda heç bir vergi borcunun olmadığı qeyd edilir.

Əvvəlki məqaləMirvari Qəhrəmanlı neftçilərin zorla yataqxanadan çıxarıldığını deyib
Növbəti məqalədəPeskov: “Yeni sanksiyalar ABŞ-Rusiya əlaqələrini sonlandıra bilər”