Almaniyada faşistlərlə mübarizə üçün fəaliyyət planı hazırlanır

Almaniyada yeni hökumətin daxili işlər naziri Nensi Fezer Bundestaqdakı çıxışında hökumətin bütün təhdidləri nəzərə aldığını, lakin demokratiya üçün ən böyük təhlükənin ifrat sağçılardan gəldiyini bildirib.

Faşistlərlə mübarizənin prioritet olduğunu vurğulayan Fezer aprelin ortalarına qədər ifrat sağçılarla mübarizə üçün fəaliyyət planı hazırlayacağını bildirib.

Sputnik-in xəbərinə görə, Nensi Fezer “Radikallaşmanı dayandırmaq, ifrat sağçı şəbəkələri çökdürmək və ekstremistləri tərksilah etmək üçün əlimizdən gələni edəcəyik” deyib.

Ailə naziri En Şpigel ilə birlikdə “demokratiyanı dəstəkləmək üçün qanun” çıxaracağını söyləyən Fezer bu yolla ekstremizmlə mübarizə aparan dərnəklərin, təşəbbüslərin və layihələrin davamlı olaraq dəstəklənəcəyini bildirib.

Son 20 ildə ölkədə baş verən irqçi faşist terror aktlarına işarə edən Fezer söyləyib ki, dövlətin qurbanlara daha çox cavab borcu var.

Bu səbəbdən irqçi cinayətlərin araşdırılmasının davam edəcəyini bildirən Fezer ifrat sağçı terror hücumlarında həyatını itirənlərin heç vaxt unudulmayacağına söz verib.

Daxili işlər naziri Fezer ölkədə təhdid və hücuma məruz qalan insanları qorumaq üçün hər şeyin ediləcəyini vurğulayıb.

Əvvəlki məqaləKTMT Qazaxıstandan çıxır
Növbəti məqalədəABŞ Əfqanıstana 308 milyon dollar humanitar yardım ayırıb