BMT və Amnesty İnternational Qazaxıstanda baş verən qətllərin dərhal araşdırılmasını tələb edib

BMT-nin İnsan Haqları Bürosu Qazaxıstanda baş verən qətllərin “dərhal, müstəqil və qərəzsiz araşdırılmasını”, o cümlədən hüquq-mühafizə orqanlarının və ölkə ordusunun güc tətbiqinin “lazımsız və qeyri-mütənasib” olub-olmadığını müəyyən etməyi tələb edir.

Həmçinin, BMT nümayəndəsinin sözlərinə görə, Qazaxıstanda saxlanılan 10 minə yaxın insandan hansının dinc etirazlarda iştirak etdiyini, kimlərin isə oraya silahlı şəkildə gəldiyini aydınlaşdırmaq lazımdır.

“Yanvarın 11-nə olan məlumata görə, təxminən 9900 nəfər həbsdədir. Bu, şübhəsiz ki, böyük rəqəmdir. Demək istərdik ki, beynəlxalq hüquq normalarına uyğun olaraq insanların dinc etiraz etmək, öz fikrini bildirmək haqqı var. Onları sadəcə olaraq öz fikirlərini ifadə etdikləri üçün saxlamaq olmaz: “Eyni zamanda, təbii ki, vurğulamalıyıq ki, Alma-Ata və Qazaxıstanın digər vilayətlərində silahlı insanlar da küçələrə çıxıblar”.

Liz Trossel, BMT-nin İnsan Hüquqları İdarəsinin nümayəndəsi

Amnesty International da Qazaxıstan hakimiyyətini mülki itkilərlə bağlı məlumatları açıqlamağa çağırıb

Qurum Qazaxıstan hakimiyyətini hüquq-mühafizə orqanlarının güc tətbiqi də daxil olmaqla, insan hüquqlarının pozulması halları ilə bağlı səmərəli və qərəzsiz araşdırmalar aparmağa çağırıb.

Amnesty İnternational-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers açıqlamasında deyib ki, “ölkədə vəziyyət sakitləşmiş kimi görünür, lakin böhran hələ bitməyib”.

“Hakimiyyətin iğtişaşların qurbanlarının sayı və onların ölüm şəraiti ilə bağlı susqunluğu həddindən artıqdır. Mülki itkilər barədə məlumat dərhal açıqlanmalıdır”, – Strazers yazır.

Amnesty International qeyd edir ki, ölkədə internetə çıxış məhduddur, jurnalistlər təqib olunur, hüquq müdafiəçiləri təhqir olunur.

“Biz minlərlə məhbusun saxlanma şəraiti və həbsinin əsasları ilə bağlı son dərəcə narahatıq. Yanvarın 6-dan bəri harada olduğu bilinməyən jurnalist Maxambet Abcan da daxil olmaqla itkin düşmüş şəxslər də var”, – təşkilatın bəyanatında deyilir.

Mari Strazers Qazaxıstan hakimiyyətini “son həftə yarım ərzində kütləvi etirazları işıqlandırdıqlarına görə, özbaşına saxlanılan jurnalistləri və fəalları dərhal azad etməyə”, etirazla bağlı bütün həbslər barədə məlumat verməyə və insan hüquqlarının müdafiəsini təmin etməyə çağırır.

Qazaxıstanda saxlanılan etirazçıların sayı 12 minə yüksəlib

Qazaxıstanda ötən həftə başlayan ictimai etirazlarda saxlanılanların sayının 1678 nəfər artaraq 12 minə çatdığı açıqlanıb.

Hadisələrin ən qızğın yaşandığı ölkənin ən böyük şəhəri Almatıda “kütləvi iğtişaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar”la bağlı 300-dən çox cinayət işi açıldığı da bildirilib.

Neft və təbii qazla zəngin olan 19 milyon əhalisi olan Orta Asiya ölkəsində ilin əvvəlində yanacağın qiymətinin artması xalqın küçələrə çıxmasına səbəb olub. Ölkənin qərbindən sürətlə yayılan hadisələrdən sonra hökumət geri addım ataraq qiymət artımlarını azaldıb. Etirazların davam etməsindən sonra administrasiya istefa verib.

Ölkənin keçmiş lideri Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Bu addımlara baxmayaraq, hadisələrin davam etməsi prezident Jomart Tokayevin fövqəladə vəziyyət elan etməsinə və iğtişaşlarda “xaricilərin dəstəklədiyi terrorçuları” günahlandırmasına səbəb olub.

Tokayev altı keçmiş Sovet respublikasından ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da kömək istəyib. Rusiyanın rəhbərlik etdiyi təşkilat Qazaxıstana 2500 əsgər göndərib.

Ölkə prezidenti Kasım-Jomart Tokayev dünən bildirib ki, KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb, qoşunların çıxarılması yanvarın 13-dən başlayacaq. Eyni zamanda iğtişaşlar zamanı etirazçılar tərəfindən ələ keçirilən Almatı hava limanı da işini bərpa edəcək.

Əvvəlki məqaləAvropa İttifaqı: “Sərhəddəki son hadisələr göstərir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atılmalıdır”
Növbəti məqalədəJurnalist təşkilatları aclıq aksiyasını davam etdirən Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər