Gürcüstanda Avropa İttifaqının simvollarını təhqir edənlər cəzalandırılacaq

Gürcüstan parlamenti Aİ və NATO-nun, onların üzv dövlətlərinin bayraqlarının, habelə Gürcüstanın üzvü olduğu beynəlxalq təşkilatların rəmzlərinin təhqir olunmasını qadağan edən yeni qanun qəbul edib.

Deputatların əhəmiyyətli əksəriyyətinin dəstəklədiyi sənəd simvolların təhqir olunmasına görə inzibati məsuliyyət və qanunu pozanların cərimələnməsini nəzərdə tutur.

“Bu cür cərimələr bir çox Avropa ölkəsi üçün adi haldır”, qanunun müəlliflərindən biri Nikoloz Samxaradze deyib. “Düşünürük ki, bu dəyişikliklər iyul ayında baş vermiş bənzər xoşagəlməz hadisəyə qarşı qabaqlayıcı tədbir olacaq. Bunun mütərəqqi addım olduğuna inanırıq”

Ötən il iyulun 5-də ultrasağçılar Gürcüstanın paytaxtı Tiflisdə gey-paradın keçirilməsinə qarşı etiraz aksiyası keçiriblər. Radikallar vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə hücum ediblər. Bundan başqa, parlament binasının qarşısında asılmış Avropa İttifaqının bayrağını da cırıb yandırıblar.
Daha sonra parlamentin o vaxtkı sədri Kaxa Kuçava Aİ-nin yeni bayrağını şəxsən qaldırıb. Gürcü ekspertlər hesab edirlər ki, belə bir qanun çoxdan qəbul edilməli idi.

Kaxa Qoqolaşvili, Rondeli Fondu: “Gürcüstan əhalisinin 80 faizi Avropaya inteqrasiyanı dəstəkləyir, ölkənin Aİ-yə çox böyük hörməti var. Biz radikal qrupların Aİ və NATO-nun simvollarına qarşı bu cür aqressiv hərəkətlərinə imkan verməməliyik. Parlamentin yeni qanunu çoxpartiyalı dəstəklə qəbul etməsi vacibdir”.

Bundan sonra şəxslər Avropa simvollarına ziyan vurduqlarına görə 1000 lari məbləğində cərimələnəcəklər. İkinci pozuntu iki dəfə baha başa gələcək və ya 15 sutka inzibati həbslə cəzalandırılacaq.

Əvvəlki məqaləKanadada peyvənd olunmayanlara əlavə vergi qoyulub
Növbəti məqalədəHərbi xidmət zamanı həyatını itirən Aydəniz Əsgərlinin ailəsi övladlarına şəhid statusunun verilməməsinə etiraz edir