Jurnalist: “Prokurorluqdan zəng edib, halımı soruşublar, hələlik, nəticə bundan ibarətdir”

Jurnalistlərin aksiyasında xəsarət alan Nərgiz Absalamovanın şikayəti araşdırılmaq üçün Səbail Rayon Polis İdarəsinə göndərilib.

Bu barədə Meydan TV-yə jurnalist Nərgiz Absalamovanın vəkili Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinə (DİN) və həmçinin qurumun “102” Xidmət Mərkəzinə ötən il dekabrın 28-də etdiyi müraciətə 2 gün öncə cavab alıb.

DİN-dən bildiriblər ki, şikayət araşdırılmaq üçün polis idarəsində göndərilib.

Nərgiz Absalamova dekabrın 28-də Milli Məclisin önündə baş tutan “Media haqqında” yeni qanun layihəsinə etiraz aksiyası zamanı xəsarət alıb.

Həkim rəyinə əsasən, aldığı xəsarətdən onun büzdüm sümüyü sınıb və içəri batıb.

Jurnalist hadisə baş verən gün Meydan TV-yə bildirmişdi ki, hadisə şuar səsləndirdiyi zaman baş verib.

Qadın polis səsi bərk çıxdığı üçün boğazından yapışıb. Sonra da onu itələyib. İtələmədən sonra səkiyə yıxılan Nərgiz Absalamovanın sümüyü sınıb.

Vəkil Zibeydə Sadıqova deyir ki, araşdırma üçün Çevik Polis Alayına da gedib. Burada məlum olub ki, jurnalisti itələyən qadın polis Səbail Çevik Polis Alayının əməkdaşıdır. Ona görə də iş araşdırılması üçün Səbail Polis İdarəsinə yönləndirilib.

Səbail Rayon Polis İdarəsi bildirir ki, araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Nərgiz Absalamova isə deyir ki, artıq yavaş-yavaş ayağa qalxıb, ağrıları azalıb: “Şikayətlərimizi etmişik, araşdırmanın aparıldığını bildirirlər, nəticəni gözləyirik. Bir dəfə də prokurorluqdan zəng edib, halımı soruşublar. Hələlik, nəticə bundan ibarətdir”.

Dekabrın 28-də baş tutan aksiya iştirakçıları düşünürlər ki, “Media haqqında” yeni qanun layihəsi təklifi Azərbaycanda olan qapalı mühitin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.

Milli Məclisin dekabrın 30-da keçirilən iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.

Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.

Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Həmin gün birinci, dekabrın 20-də isə ikinci oxunuşdan keçib.

Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.

Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.

Əvvəlki məqaləHRW: Dünya liderləri demokratiyanı qorumaqda çətinlik çəkir
Növbəti məqalədəNeft və Sənaye Universiteti bir illik mühafizəsinə 438 min manatdan çox pul xərcləyəcək