Jurnalist təşkilatları aclıq aksiyasını davam etdirən Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər

“Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər.

Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxmaqdan imtina edilməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır. Bu barədə təşkilat öz Tvitter hesabında yazıb.

2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi Tvitterdə Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.

“Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir”, – təşkilatın məlumatında deyilir.

Çərşənbə günü saat 15:30-da Polad Aslanova 1 saylı koloniyadan xanımına telefon etmək imkanı verilib.

“Mən Poladın vəziyyətini aydınlaşdırmaq üçün koloniyaya getdim, çünki o zəng etmədi. Dedim ki, zəng edənə qədər heç yerə getməyəcəyəm. Yalnız bundan sonra ona zəng etməyə icazə veriblər”, – Gülmirə Aslanova bildirib.

“Polad çətinliklə danışırdı, dili tutulurdu. O bildirdi ki, tibb məntəqəsində müntəzəm olaraq onun yanına psixi problemləri olan başqa məhbus gəlir,  palatadan tualet kimi istifadə edir və orada qalmaq mümkün deyil.

Poladı qəsdən belə şəraitdə saxlayırlar ki, aclıq edə bilməsin”, – Aslanova deyib.

Bu gün Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər və aclığı dayandırmağı təklif ediblər. Onların gəlişindən bir neçə dəqiqə öncə Poladı təmiz havaya gəzintiyə çıxarıblar. Ombudsmanın əməkdaşları özləri iki maska taxdıqdan sonra tibb məntəqəsində ola bilərlər.

Bu gün Poladın vəziyyəti pisləşib: güclü təngnəfəsliyi, başgicəllənməsi var, vaxtaşırı mədəsi bulanır. Bununla belə,  aclığı davam etdirmək niyyətindədir, bazar ertəsindən sudan da imtina edəcək”, – Gülmirə Aslanova deyib.

MƏNBƏTuran
Əvvəlki məqaləBMT və Amnesty İnternational Qazaxıstanda baş verən qətllərin dərhal araşdırılmasını tələb edib
Növbəti məqalədəATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir