Misirdə oriental rəqs edən müəllimin işdən çıxarılması qadın hüquqları ilə bağlı müzakirələrə səbəb olub

Misirdə müəllimin oriental rəqsini göstərən viral video qadın hüquqları ilə ölkənin sosial mühafizəkar dəyərləri arasında milli müzakirələrə səbəb olub.

Aya Yusif adlı müəllim Nil çayında bir qayıqda ictimai iş tədbirində rəqs edərkən həmkarı tərəfindən icazəsiz fotoları çəkilib.

Bundan sonra Yusif Nil deltasındakı Dakahlia Qubernatorluğunda bir neçə il ərəb dili tədris etdiyi ibtidai məktəbdə işindən azad edilib.

Yusif bir daha rəqs etməyəcəyinə and içib və intihar etmək fikrində olduğunu bildirib.

O, jurnalistlərə “Nildə qayıqda keçirdiyim on dəqiqə həyatım bahasına başa gəldi” deyib.

Sosial şəbəkələrdə yayılan videoda Yusif kişi müəllimlərlə musiqi sədaları altında rəqs edir.

Gündüz çay gəzintisi üçün hicab və uzunqol paltar geyinən Yusifin videosu Qərb standartlarına görə olduqca məsum görünür.

Lakin ötən həftə video ərəb dilli sosial mediada sürətlə yayıldığı üçün misirli mühafizəkarların qəzəbinə səbəb olub.

Yusifin tənqidçiləri onun biabırçı hərəkət etdiyini iddia ediblər. Bir Twitter istifadəçisi yazıb: “Bu, keçirdiyimiz pis dövrləri açıq şəkildə ifadə edir! Hər şeyə icazə var”.

Başqa bir istifadəçi isə “Misirdə təhsilin səviyyəsi aşağı düşüb” şərhini yazıb və aidiyyatı qurumların işə qarışmasını istəyib.

“İfritə ovunun qurbanı”

Misirdəki qadın hüquq müdafiəçiləri müəllimin səhv bir şey etmədiyini və ifritə ovunun qurbanı olduğunu deyirlər.

Başqa bir məktəbin direktor müavini də Yusifi dəstəkləmək və şəxsi azadlıqlarını müdafiə etmək üçün qızının toyunda rəqs edərkən çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.

Misir Qadın Hüquqları Mərkəzinin rəhbəri Dr. Nihad Əbu Qumsan Yusifə ofisində iş təklif edib və Təhsil Nazirliyindən onun işdən çıxarılmasına qarşı qanuni şikayət vermək üçün müqaviləsini gətirməsini istəyib.

Bu addım işə yenidən baxılmasına kömək edib. Belə ki, Yusif artıq yeni məktəbə təyin olunub.

Baş verən hadisədən “şəxsi həyatın toxunulmazlığını pozduğu” əsası ilə şikayət edən Yusif nə dövlət müəssisəsində, nə də tələbələrin qarşısında rəqs etmədiyinə diqqət çəkib. Yusif ötən ay videonu çəkən şəxsi məhkəməyə verməyi planlaşdırdığını da bildirib.

Misirdə oriental rəqsin fironlar dövrünə aid olduğu deyilir, lakin bu gün qadınların ictimai yerlərdə rəqs etməsi ümumiyyətlə bəyənilmir.

Əvvəlki məqaləAvropa Məhkəməsi Azərbaycanı 126 min avro cərimələyib
Növbəti məqalədəAİ yaxın günlərdə Polşaya 70 milyon avroluq “ədalət” sənədi göndərəcək