Polad Aslanov 10 gündür aclıq aksiyası edir

Həbsdə olan redaktor Polad Aslanov 10-cu gündür ki, 1 saylı koloniyanın tibb məntəqəsində aclığı davam etdirir. Bu barədə Turan-a onun xanımı Gülmirə Aslanova bildirib. O, cümə günü Polad Aslanova baş çəkib.

“Qaydalara görə, bu ay Poladla daha görüş olmamalıydı, çünkü artıq yanvarın 6-da görüş imkanından istifadə etmişdik. Lakin koloniyanın rəisi Poladın vəziyyətini nəzərə alaraq görüş barədə xahişimi təmin etdi”, – Aslanova deyib.

Onun sözlərinə görə, koloniya rəhbərliyi ondan xahiş edib ki, sağlıq riski ilə əlaqədar aclığı dayandırması üçün həyat yoldaşını razı salsın. “Lakin Polad bunun qəti əleyhinədir. O dərhal dedi ki, mən onu aksiyanı dayandırmağa razı salmayım. Eyni zamanda, o, quru aclığa keçməməyə razılaşdı. İndi ancaq su içir”, – Aslanova deyib.

Polad bildirib ki, ombudsmanın nümayəndələri ona baş çəkdikdən sonra palatada səliqə-sahman yaradılıb və psixi baxımdan qeyri-normal qonşunu otaqdan çıxarıblar.

“Poladın xahişilə ombudsmanın nümayəndələri onunla ünsiyyətdə olduqları üçün təzyiqlərə məruz qalan digər iki məhbus ilə görüşüblər. Buna görə də Polad ombudsmana minnətdarlığını çatdırmağı xahiş edib. Bu, yeganə qurumdur ki, nümayəndələri aclıq aksiyasına reaksiya verir. Ombudsmanın əməkdaşının gəldiyi gün Qırmızı Xaçın nümayəndələri də Polada baş çəkiblər”, – Aslanova bildirib.

Vəziyyətə gəlincə, Aslanovanın sözlərinə görə, Poladda daimi başgicəllənməsi, ürəkbulanma, nəfəs darlığı var. Buna baxmayaraq,  işə yenidən baxılması tələbilə aclığı davam etdirir.

Gülmirə Aslanova bildirib ki, nəhayət, Ali Məhkəmə onun kassasiya şikayətinə baxılma tarixini təyin edib. Bu, fevralın 3-də Hafiz Nəsibovun sədrliyilə olacaq.

Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Əvvəlki məqaləPaşinyan Naxçıvana dəmir yolunun çəkilməsi üçün işçi qrupu yaradıb
Növbəti məqalədəPrezident yanında İctimai Palatanın yaradılması təklif edilir