Prokurorluq jurnalistləri yazılarına görə cərimələtməyə davam edir, Fikrət Fərəməzoğlu da cərimə ödəməli olacaq

“jamaz.info” saytının baş redaktoru, jurnalist Fikrət Fəraməzoğlu saytda gedən yazıya görə cərimələnib. 

Bu barədə həm jurnalistin özü, həm də Baş Prokurorluq məlumat yayıb.

Fikrət Fərəməzoğlu deyir ki, o, Baş Prokurorluğa dəvət olunub və  “jamaz.info”da dərc olunan yazıya görə söhbət aparılıb. Jurnalist iradlarla razılaşmadığını bildirib. Fikrət Fərəməzoğlu sonradan məhkəməyə aparılıb və 500 manat cərimə olunub.

Baş Prokurorluq da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki,

qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi (baş redaktor) İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirməsinə görə 12.01.2022-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edilib ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib

Əvvəlki məqaləNur-Sultandan Bakıya təyyarə reysləri bərpa olunub
Növbəti məqalədəİlham Əliyev: “Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”