Prokurorluq Tofiq Yaqublunun döyülməsində cinayət tərkibi olmadığını bildirərək şikayəti rədd edib

Səbail Rayon Prokurorluğu Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun polislər tərəfindən döyülməsinə dair şikayətini rədd edib. 

Bu barədə Tofiq Yaqublu özü məlumat verib.

Yaqublu bildirib ki, prokurorluq bu qərarını onunla əsaslandırıb ki, hadisədə cinayət tərkibi yoxdur: “Müstəntiq Hilal Abbasov baş verənlərdə cinayət tərkibi “olmaması” səbəbi ilə cinayət işi qaldırmaqdan imtina edib”, – deyə müxalifətçi qeyd edib.

Yaqublu bildirib ki, bu qərar onu göstərir ki, onun işgəncə görməsi ilə bağlı tapşırığı ölkə başçısı İlham Əliyev verib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildirib.

Tofiq Yaqublu dekabrın 1-də həbsdə aclıq edən Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə Bakıda keçirilən etiraz aksiyası zamanı Fəvvarələr meydanında polislər tərəfindən saxlanılıb. Axşam saat 19 radələrində o, Qaradağ rayonu, Ələt qəsəbəsində tapılıb. Onun üzündə, xüsusən gözlərinin ətrafında, baş nahiyəsində, bədəninin müxtəlif hissələrində gözlə görünən xəsarət izləri olub. Tofiq Yaqublu bildirib ki, onu polislər işgəncə ilə həmin vəziyyətə salıb, gətirib orada atıb gediblər.

Siyasi fəalın vəkili dekabrın 2-də prokurorluğa şikayət edib. Dekabrın 3-də isə o, müdafiəçisi ilə birlikdə Səbail Rayon Prokurorluğunda dindirilib, hadisə yerinə baxış keçirilib.

Əvvəlki məqaləSəddam Hüseynə ölüm hökmü çıxaran hakim İraqın prezidenti olmaq istəyir
Növbəti məqalədəKanadada peyvənd olunmayanlara əlavə vergi qoyulub