Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd edib

İctimai fəal Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında özünü yandırmağa cəhd edib. 

İbrahimov ona Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) kəsdiyi kompensasiyanın ödənilməməsinə etiraz olaraq bu addımı atıb.

Onu administrasiyanın qarşısında Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları polis əməkdaşları ilə birlikdə saxlayıb. İbrahimov saxlanılarkən jurnalistlərə deyib ki, o, bu addımı atacağı ilə bağlı xəbərdarlıq edib.

İctimai fəal polis əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.

Qiyas İbrahimov 2016-cı ildə dünyasını dəyişmiş ictimai fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdilər. Onlar külli miqdarda narkotiki əldə etmə və satma ittihamı ilə 10 il azadlıqdan məhrum edilmişdilər.

Ancaq həm yaxınları, həm də yerli və beynəlxalq təşkilatlar həbsin siyasi olduğunu bildiriblər. Onlar Beynəlxalq Amnistiya təşkilatı tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

Fəallar 2019-cu ildə prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıblar.

2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi keçmiş siyasi məhbuslar Qiyas İbrahimov və Bayram Məmmədovun Azərbaycandan göndərilən 6 şikayəti üzrə qərarını açıqlayıb. Məhkəmə hesab edib ki, gənclərin 3-cü, 5-ci, 10-cu və 18-ci (5-lə birgə) maddələrlə təminat altına alınan hüquqları pozulub. Hökumət gənclərə birlikdə 72 min avro təzminat ödəməlidir.

Əvvəlki məqaləHelikopter qəzasıyla əlaqədar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında cinayət təqibi başlayıb
Növbəti məqalədəSumqayıtda xəstəxanada yanğın olub, 15 nəfər zəhərlənib, 32 xəstə xilas edilib