Sənay Yağmura qarşı təcavüzdə ittiham olunan şəxsin məhkəmə prosesi başlayıb

İctimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır.

Yanvarın 13-də məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə Əsgər Ağazadənin vəkilləri Güldisar Kərimova və Mehman Cəbrayılov bildiriblər ki, onlar cinayət işinin materiallarıyla tanış ola bilməyiblər. Vəsatət qaldırıblar ki, materiallarla tanış ola bilmələri üçün onlara vaxt verilsin. Onlara yanvarın 26-na qədər vaxt verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Sənay Yağmur (Qəhrəmanlı) hazırda ölkə xaricində təhsil alır. Vəkili Zibeydə Sadıqova bildirib ki, növbəti məhkəmə iclasında Sənayın xaricdən xüsusi vasitələrlə məhkəmədə iştirakının təmin olunması haqda vəsatət qaldıracaq. Müdafiəçinin sözlərinə görə, Cinayət-Prosessual Məcəlləsinin 51-2 (cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi) maddəsi də buna imkan verir.

“Hakim bizə, hətta yanaşı otağı göstərib deyir ki, zərərçəkən orada əyləşə bilər. Mən də deyirəm ki, zərərçəkən orada oturub məhkəmə prosesini izləyə bilərsə, bu halda, məkanın nə fərqi var ki?! Deməli, xaricdə universitetin kitabxanasından da prosesi izləyə bilər. Əks halda, bu, Sənaya qarşı qərəzli münasibət deməkdir”, – zərərçəkmişin anası, yazar Zümrüd Yağmur bildirib.

Sənay Yağmura qarşı təcavüzə görə cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur. Ona qarşı Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. Sanay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Bir müddət öncə məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Əsgər Ağazadə özünü təqsirli bilmir. Xalası qızı onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaları rədd edir.

MƏNBƏMeydan TV
Əvvəlki məqaləPrezident yanında İctimai Palatanın yaradılması təklif edilir
Növbəti məqalədəPentaqon: “Rusiya Ukraynaya girmək üçün bəhanələr axtarır”