‘Transparency International’: Azərbaycan ‘Korrupsiyanı Qavrama İndeksi’ndə 30 balla 128-ci yerdədir

‘Transparency International’ təşkilatı illik Korrupsiyanı Qavrama İndeksini təqdim edib.  Hesabatda bildirilir ki, dünyada korrupsiyanın səviyyəsində “durğunluq” yaşanır, Şərqi Avropa və Orta Asiya ölkələrinin 75 faizə yaxını isə son on ildə ya geriləyib, ya da çox az proqresə nail olub. Bu ölkələrdə avtoritarizm, insan haqları pozuntuları və korrupsiya artıb.

Qurum 2021-ci ilin sözügedən regionda “mülki hüquqlar üçün məhvedici” olduğunu qeyd edir. Bu regionda korrupsioner siyasi liderlər “müxalifət partiyalarından tutmuş fəallara, mətbuatadək bütün narazıları repressiya edir”, – beynəlxalq təşkilatın Orta Asiya üzrə regional müşaviri Altınay Mirzabekova deyib.

“COVID-19 pandemiyasının əhaliyə təsirini azaltmaq üçün az iş görən hökumətlər ondan hüquq və azadlıqları daha da məhduslaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə ediblər”, – Mirzabekova vurğulayıb.

İndeks 180 ölkəni və ərazini dövlət sektorunda korrupsiyaya görə sıralayır. Bu zaman Dünya Bankı, Dünya İqtisadi Forumu, konsaltinq şirkətləri və təhlil mərkəzləri kimi 13 xarici mənbənin datası əsas götürülüb. 0-100 ballıq şkala üzrə ən aşağı bal yığan ölkədə korrupsiyanın daha çox olduğu bildirilir.

Dünya üzrə ortalama indeks artıq 10-cu ildir 43 olaraq qalır, ölkələrin üçdə ikisinin balı 50-dən aşağıdır.

‘Transparency International’ mülki hüquqlarının daha çox pozulduğu ölkələrin indeksdəki göstəricisinin də az olduğunu bildirir.

Somali (13), Suriya (13) və Cənubi Sudan (11) indeksin dibində yer alıblar. Danimarka (88), Finlandiya (88) və Yeni Zelandiya (88) öndə gedirlər. Onlardan sonra Sinqapur, yeddi Qərbi və Şimali Avropa ölkələri gəlir.

Türkmənistan (19), Tacikistan (25) və Qırğızıstan (27) Şərqi Avropa və Orta Asiyada ən aşağı yerləri tutublar. Bu region üzrə ümumi göstərici 36-dır və “çox aşağı” hesab olunur.

Gürcüstan (55), Ermənistan (49) və Monteneqro (46) regionda qlobal orta göstəricidən yuxarı bal toplayan ölkələrdir.

Hesabatda son 10 ildə beş ölkənin mövqeyini yaxşılaşdırdığı vurğulanır. Bunlar Ermənistan (49), Belarus (41), Moldova (36), Ukrayna (32) və Özbəkistandır (28).

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 30-dur və bu, aşağı göstərici sayılır. Hesabatda hökumətin “fərqli düşünənlərə, azad mediaya divan tutduğu” vurğulanır.

Qurum bildirir ki, Azərbaycan 2012-ci ildən bəri Korrupsiyanı Qavrama İndeksinin dibindəki üçüncü hissədə yer alır, balı 25-30 arasında dəyişir. 2017-ci ildə “Azərbaycanın pulyuyan maşını” adlı araşdırma rejimin öz imicini cilalamaq üçün özəlliklə Danske Bank vasitəsilə Avropada siyasətçilərə ödənişlər etdiyini üzə çıxarıb. Ölkədə isə tanınmış müxalifətçilər və qələm əhli həbs olunub.

Ancaq hakimiyyət təmsilçiləri Azərbaycanda təməl hüquqların qorunduğunu bildirir, xaricdə pulyuma əməliyyatlarını təkzib edirlər. Bir çox müstəqil ekspertlər ayrı-ayrı sahələrdə korrupsiyanı inkişafı önləyən faktor hesab etsələr də, bununla razılaşmayan rəsmilər korrupsiya ilə sistematik mübarizə aparıldığını bildirirlər.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə məmurları tənqid edib, bir sıra rayonların icra başçıları, dövlət məmurları rüşvətxorluq, dövlət vəsaitini mənimsəmə ittihamları ilə həbs olunub. Amma onların əksəriyyətinə sonradan yüngül cəzalar kəsilir, mənimsədikləri bildirilən dövlət vəsaitini ödəyirlər. Bütün bunlar ölkədə korrupsiya ilə mübarizənin görüntü xarakteri daşıması haqda fikirlərə yol açır.

Rusiya indeksdə 29, İran 25 bal yığıb. ‘Transparency International’ Rusiyada “korrupsiya və insan haqları pozuntularının ölkə boyunca norma olduğunu” qeyd edir.

41 bal yığmış Belarusun avtoritar lideri Aleksandr Lukaşenko 2020-ci il qalmaqallı prezident seçkisinin nəticələrinə etiraz edənlərə zorakı divan tutub, azad sözü, dinc toplaşma azadlığını məhdudlaşdırıb. Bu ölkənin korrupsiya indeksi bir il öncəylə müqayisədə 6 bal azalıb.

‘Transparency International’ hökumətləri antikorrupsiya və insan haqları öhdəliklərinə əməl etməyə, dünya əhalisini isə dəyişiklik tələbilə birləşməyə çağırır.

Qərbi Avropa regionunda 26 ölkə son on ildə korrupsiya ilə mübarizədə ya geriləyib, ya da çox az irəliləyiş əldə edib. Avropa İttifaqının 27 üzvü bu regiona daxildir.

Macarıstan 43 bal yığıb. Aİ-nin digər üzvləri Rumıniya (45) və Bolqarıstan (42) regionda ən pis göstəriciləri olan ölkələrdir.

Azadlıq Radiosu

Əvvəlki məqaləAzərbaycan hökuməti Avropa təhsilini hədəfləyir, amma…
Növbəti məqalədəHökumət Avropa təhsilini hədəfləyir, amma…