Azərbaycan hökuməti davamlı olaraq yerli məhsulların dünya bazarına çıxarılması haqda danışsa da, bu sahədə ümumi problemlər hələ qalmaqdadır. Xüsusilə yerli sahibkarlar və istehsalçılar bu istiqamətdə problemlərlə üzləşirlər. Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmadığına görə, yerli sahibkarlar məhsullarını əsasən region ölkələrinə və daha aşağı şərtlərlə çıxara bilirlər.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün beynəlxalq ticarət sisteminə uyğun islahatların həyata keçiriləcəyi, qanunların dünya ticarət sistemində tətbiq edilən praktikaya uyğunlaşdırılacağı hədəflənirdi.

Azərbaycan Respublikası Milli Məclisindən görülən işlərlə bağlı AbzasMedianın göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, dəqiq nəticə əldə edilməyib.

Cavabda həmçinin qeyd edilib ki, Ümumdünya Ticarət Təşkilatı ölkələrarası ticarət münasibətlərinin qəbul edilən sazişlər əsasında tənzimlənməsini nəzərdə tutmaqla, xarici ticarətin maksimum dərəcədə liberallaşdırılmasını hədəfləyir. Bu isə inkişaf etməkdə olan ölkələrdə milli istehsalın təşviqi kimi məsələlərdə müəyyən çətinliklər yarada bilər.

Millət vəkili Vahid Əhmədov bildirir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması dünyada baş verən proseslərə və qurumun bəzi tələblərinə görə gecikir. Deputatın fikrincə, Azərbaycan bu təşkilata üzv olsa belə, öz prinsiplərini qorumalıdır.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün müraciət etsə də, danışıqlar bu günədək davam edir. İqtisadçı ekspert Zülfiyyə Mehdiyeva deyir ki, ölkənin bu quruma qoşulması bir sıra müsbət dəyişikliklərə səbəb ola bilər.

Azərbaycanın təşkilata qoşulacağı təqdirdə müsbət iqtisadi dəyişiklər olacağına baxmayaraq, prosesin bu qədər uzanması maraq doğurur. İqtisadçı hesab edir ki, buna səbəb tərəflərin bir-birinin tələbləri ilə razılaşmamasıdır.

Zülfiyyə Mehdiyevanın fikrincə, Azərbaycanın ÜTT-yə qoşulmasının müsbət nəticələri qədər, mənfi təsirləri də ola bilər.

Ekspert bildirir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasının yaxın tarixdə böyük dəyişikliklərə səbəb olacağını demək çətindir. Bunu qonşu Gürcüstan və Ermənistan təcrübəsində də aydın müşahidə etmək olar. Ancaq qurumun dünyada baş verən bütün ticari prosesləri beynəlxalq standartlara uyğun olaraq tənzimlədiyini nəzərə alsaq, Azərbaycan gələcəkdə bu prosesin bir parçası olmaq istəyirsə, təşkilata qoşulması qaçılmazdır.

Əvvəlki məqaləKommunal xərclərini ödəyə bilməyən italyanlara 5 milyard avro yardım paketi ayrılıb
Növbəti məqalədəTürkiyə bayrağına görə həbs olunan fəal polis bölməsində işgəncəyə məruz qaldığını deyib