Bakıda keçirilməsi planlaşdırılan “Georgiyev lenti” aksiyası ləğv edilib

Aprelin 30-da Bakının mərkəzində keçirilməsi planlaşdırılan ˝Georgiyev lenti˝ aksiyası ləğv edilib.

Bu barədə 1news.az -a Bakıdakı Rus Evinin dəstəyi ilə aksiyanı təşkil edən Azərbaycan Rus Gəncləri Assosiasiyasından məlumat verilib. Təşkilat aksiyanın ləğvinin səbəblərini açıqlamayıb.

Bir az sonra, Rus Evinin Facebook səhifəsində ˝Georgiyev lenti˝ aksiyası ilə bağlı silinmiş elanın əvəzinə, mərkəzin aprelin 30-da fərqli bir aksiya – Pasxa xeyriyyə bazarı planlaşdırdığına dair bir mesaj yayımlanıb. Tədbir 12:00-dan 17:00-a kimi davam edəcək.

Ziyarətçilərin hədiyyələr və sənətkarların  hazırladıqları əl işlərini ala biləcəkləri qeyd olunur. Tədbirin Facebook sosial şəbəkəsində yayımlanan elanında bildirilir ki, xeyriyyə aksiyasından əldə olunan vəsait valideyn himayəsindən məhrum olan uşaqlara yardım üçün istifadə olunacaq.

Bundan əvvəl, aprelin 30-da Rus Evi qarşısında ˝Georgiyev lenti˝ aksiyasının elan edilməsi sosial şəbəkələrdə narazılıqla qarşılanmışdı. Buna səbəb son illərdə ˝Georgi lenti˝nin simvolikasının birmənalı xarakter daşımamasıdır. Belə ki, sözügedən lent hazırda ˝Böyük Vətən Müharibəsi˝ndəki vahid qələbəni deyil, Rusiya silahlı qüvvələrinin bugünkü əməllərinə dəstək olaraq qiymətləndirilir.

Bu günlərdə “Russia Today” beynəlxalq xəbər agentliyinin baş direktoru Dmitri Kiselev “Georgiyev lenti” aksiyasına başlayarkən rəsmi olaraq elan etmişdi ki, bu il lent Ukraynada “xüsusi əməliyyatda” iştirak edən Rusiya hərbçiləri ilə həmrəylik əlaməti olacaq.

Həmçinin Bakıda ictimaiyyətin narazılığı aksiyanın keçirilmə tarixinin 2009-cu il aprelin 30-da atışma nəticəsində onlarla insanın həlak olduğu Azərbaycan Dövlət Neft Akademiyasında faciə baş verən günə təsadüf etməsi ilə bağlı olub.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az -a verilən məlumata görə, Azərbaycan Rus Gəncləri Assosiasiyası aprelin 30-da mitinq keçirmək üçün müraciət etməyib.

Əvvəlki məqaləƏliyev: “Əsas məsələ işğalla heç vaxt razılaşmamaqdır, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”
Növbəti məqalədəLaçında tikinti şirkətinin fəhləsi minaya düşüb