İlham Əliyev: “Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”

Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, – Prezident İlham Əliyev vurğulayıb.

“Müharibə vaxtı Rusiyadan Ermənistana silah daşınırdı”

İlham Əliyev bildirib ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi.

˝Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük˝.

Prezident bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri ilə manipulyasiya edirdi, amma KTMT-nin mandatı üzv ölkələri öz ərazilərində dəstəkləməkdir.

“Biz öz ərazimizdə döyüşürdük. Beləliklə, bu baş vermədi. Amma eyni zamanda, biz hamımız bilirik, mən ictimaiyyətə dəfələrlə bəyan etmişəm, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub. Biz Rostovdan, Mozdokdan bütün istiqamətləri izləyirdik. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamalarını xahiş etdik və onlar bunu etdilər. Biz həmçinin gürcüstanlı dostlarımızdan Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana silahların nəql edilməsində istifadə ediləcək quru yolunu bağlamağı xahiş etdik və bunu da həmçinin etdilər və biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı dövlətlərə Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik. Biz bunu Qazaxıstana, Türkmənistana və İrana göndərdik. Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Bu belə idi və biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik. Amma Ermənistanın gözləntiləri daha böyük idi. Onlar düşündülər ki, Rusiya ordusu gəlməli, döyüşməli və separatizmi müdafiə etməlidir və bu baş vermədi”, – Prezident İlham Əliyev vurğulayıb.

“Ağdamdan Xankəndiyə elektrik enerjisi və qaz verilə bilər”

“Biz Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizi hər hansı enerji ilə təmin etmirik. Lakin Ermənistandan Xankəndiyə gələn qaz xətti bizim nəzarətimizdə olan ərazilərdən keçir”.

İlham Əliyevin sözlərinə görə, bir müddət əvvəl həmin qaz xəttində qəza olmuşdu və təəssüflər olsun ki, Azərbaycan humanitar böhran yaratmaqda ittiham edildi.

“Bu, yenidən ikili standartların nümayişi idi. Birinci Qarabağ müharibəsi başlayanda Ermənistan Azərbaycan ərazisi olan Naxçıvanın qazını kəsdi. Naxçıvan əhalisi 15 il qazsız qaldı, onlar təbii qaz olmadan yaşadılar. Lakin heç kim buna görə Ermənistanı humanitar fəlakət yaratmaqda ittiham etmədi”, – deyə Prezident əlavə edib.

Prezident daha sonra bildirib: “Bəs biz nə etdik? Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki qaz xəttini təmir etdik. Gələcəkdə nə olacaq? Bilmirəm. Əgər onlar (Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan erməniləri nəzərdə tutur – red.) bizim enerji resurslarımızdan istifadə etmək istəyəcəklərsə, düşünürəm ki, bu mümkündür, çünki daha asan və sərfəlidir. Ağdamdan Xankəndiyə elektrik enerjisi və qaz çatdırıla bilər”,  -deyə o əlavə edib.

“Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər”

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər.

“Azərbaycan indi Ermənistanı dəvət edir ki, regional inkişafın tərkib hissəsi olsun, bunun üçün imkanlar var. Bu, onlar üçün xeyirlidir”.

“Eyni zamanda, Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı ola bilər”, – deyə İlham Əliyev əlavə edib.

Sərhəd delimitasiyasında bütün xəritələr əsas götürüləcək

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesi zamanı istifadə oluna biləcək xəritələrdən danışıb.

“Bizim mövqeyimiz budur ki, sərhədlər müəyyənləşərkən tarix əsas götürüləcək. Biz təkcə bir xəritəyə yox, bir neçə xəritəyə konsentrasiya oluruq. 1918-ci ildə İrəvan Azərbaycanın tərkib hissəsi olub. 1920-ci ildə isə Zəngəzur Azərbaycanın tərkib ərazisi idi”, – deyə İlham Əliyev əlavə edib.

Prezident bildirib:

“Azərbaycanın mövqeyi budur ki, sərhəd delimitasiyası üçün 1918-ci ildən başlayaraq, 1991-ci il, SSRİ-nin süqutuna qədər olan müddətdəki xəritələr əsas götürülsün”.

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyası tezliklə görüşəcək

İlham Əliyev əlavə edib ki, tezliklə Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyası görüşəcək.

“Biz bir il bundan əvvəl Ermənistana təklif etdik ki, sərhəd delimitasiyasına başlayaq. Amma Ermənistan buna səssiz qaldı. Bəs niyə bir ili itirdilər? Bu, başadüşülən deyil. Amma nəticədə razı oldular”, – deyə İlham Əliyev əlavə edib.

Prezident deyib ki, Azərbaycan birtərəfli qaydada nəsə etmək istəmir, bunu Ermənistan hökuməti ilə birgə həyata keçirmək niyyətindədir.

“Amma bu, Ermənistanın daxilindəki siyasi proseslərin inkişafından asılı olacaq”, – deyə İlham Əliyev əlavə edib.

˝Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik˝

İlham Əliyev hazırda davam edən Ukrayna müharibəsinə də münasibət bildirib.

˝Ukrayna üçün ən vacibi torpaqlarının işğalını qəbul etməməkdir. Qərb tərəfdaşları mənə dedilər – uduzdun, torpaqların işğalına dözməlisən, ərazi bütövlüyünə münasibətinə yenidən baxmalısan. Ancaq həmişə cavab verdim – yox! Məni bu işdə inadkar, əyilməz olduğum üçün tənqid ediblər, amma həmişə ˝yox˝ cavabı vermişəm. Sizə isə məsləhətim – heç vaxt ərazi bütövlüyünün pozulmasına razı olmayın. İkinci məsləhət isə – həmişə öz resurslarınıza arxayın olun və beynəlxalq strukturların qətnamələrinə fikir verməyin, onların heç bir qüvvəsi yoxdur – Ermənistan 30 ildir ki, BMT-nin qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməsinə əməl etmir. Başa düşdüm ki, biz azlıqdayıq, bizə kömək etməyəcəklər. Azərbaycana güclü ordu, güclü iqtisadiyyat lazımdır və bu edilib. Bizə isə yeni nəsil – ərazi bütövlüyü uğrunda sona qədər gedəcək bir nəsil lazım idi. Bu nəslin əksəriyyəti Qarabağı heç vaxt öz gözləri ilə görməyib…˝

Prezident bildirib ki, orduya xərclənən vəsait yüksəkdir.

˝Amma motivasiyamız, vətənpərvərliyimiz hədsiz dərəcədə idi və Ermənistana çoxlu köməklik gələcəyi bizə aydın idi, lakin bu, bizə mane olmadı. Mən Ermənistanın baş nazirinə qoşunları çıxarmaq imkanı verdim, lakin o, Azərbaycanın qalib gələcəyinə inanmırdı. Amma biz irəlilədik və sonda Ermənistan bizim tələblərimizlə razılaşmaq məcburiyyətində qaldı. Ən önəmlisi millətin qalib ruhudur. İndi biz gördüyümüz işlərlə fəxr edirik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, həm Rusiya, həm də Ukrayna ilə əla münasibətlərimiz var. Ərazi bütövlüyü prinsipləri pozulmamalıdır. Yeri gəlmişkən, biz həm Moldovanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizi Ermənistanla danışıqlara çağırdılar, amma ermənilər kar idi. Biz nə qədər çox çalışsaq, onlar bir o qədər təkəbbürlü oldular. Bəs indi ərazi bütövlüyümüzü kim təsdiq edir? O adamlar ki, bir neçə il əvvəl “Qarabağ Ermənistandır” deyirdilər…˝, İlham Əliyev çıxışında bildirib.

Əvvəlki məqalə“Azersun Sənaye Parkı”ndakı yanğında 9 nəfər xəsarət alıb
Növbəti məqalədə‘The Washington Post’: “Dmitri Muratova hücumu Rusiya xüsusi xidmət orqanları təşkil edib”