Motosikletçini döyən məmurun həbsi xəbəri təkzib edildi [yenilənib]

Prezident Administrasiyasının işçisi Sultan Dadaşovun həbsi xəbəri Daxili İşlər Nazirliyi tərəfindən təkzib edildi.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyevin sözlərinə görə, Prezidentin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri Sultan Dadaşov inzibati cəza alması barəsində xəbər həqiqəti əks etdirmir:

“Məlumat sosial şəbəkələrdə yayılıb, doğru deyil. Bu barədə hələ heç nə yoxdur, olan kimi məlumat yayacağıq”.

***

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü, Prezident Administrasiyasının işçisi Sultan Dadaşov saxlanılıb.

APA-nın məlumatına görə, məmurun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə qarşısına çıxarılan Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.

Aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Əvvəlki məqaləPolşa “Rosneft”in rəhbəri Seçin və milyarder Deripaskaya qarşı sanksiyalar tətbiq edib
Növbəti məqalədəRusiya üç İsveç diplomatını persona non qrata elan edib