Rusiya hərbçiləri Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutub

Rusiya hərbçiləri aprelin 14-də Xarkov vilayətinin İzyum rayonunun Borovaya kəndində təxliyə edilmiş sakinlərin olduğu avtobusları atəşə tutublar, vilayət prokurorluğu xəbər verir.

İlkin məlumata görə, 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə birlikdə müharibə qanunlarının və adətlərinin pozulması ilə bağlı ibtidai istintaqa başlayıb. İstintaqı Ukrayna Təhlükəsizlik Xidməti aparır.

UNIAN müharibədən ən çox təsirlənən şəhərlərdən birinin Xarkov olduğunu vurğulayır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl məlumat vermişdi ki, Rusiya qüvvələri şəhəri qismən blokada və atəşə tutmaqda davam edir.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib. Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər. Onlar Kiyevdən və Ukraynanın şimalından geri çəkiliblər.

BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı evlərini tərk edib, iki minə yaxın insan həlak olub.

Əvvəlki məqaləLavrov Mirzoyanla sülh müqaviləsinin perspektivlərini müzakirə edib
Növbəti məqalədə˝Polşa Rusiya kömürünə embarqo qoyub˝