Rusiyanın müdaxiləsindən sonra Ukraynada azı 20 jurnalist öldürülüb

Fevralın 24-də Rusiya işğalı başlayandan bəri Ukraynada ən azı 20 jurnalist öldürülüb. Bu barədə Ukrayna Milli Jurnalistlər İttifaqı məlumat verib.

İttifaq bütün təyin olunmuş adları dərc edərək qeyd edib ki, bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölümü təsdiqlənən jurnalistlərdir.

Daha bir neçə jurnalistlə əlaqə saxlamaq mümkün deyil, lakin onların taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İtkin düşənlər arasında Aleksey Çernışev də var, martın 13-də fotojurnalist və sənədli kinorejissor Maks Levinlə birlikdə o, Rusiya işğalının nəticələrini sənədləşdirmək üçün Quta-Mejiqorskaya kəndi ərazisinə gedib. Tezliklə ərazidə yenidən döyüşlər başlayıb və onlarla əlaqə kəsilib. Aprelin 1-də Levinin meyiti Kiyev yaxınlığındakı Vışqorod rayonunda aşkar edilib.

Martın ortalarında Kiyev yaxınlığında ˝Fox News˝ telekanalının 55 yaşlı irland operatoru Pyer Zakrjevski və telekanalın 24 yaşlı yerli prodüseri Aleksandra Kuvşinova öldürülüb. Onlar Gorenka kəndində (Kiyev vilayəti) atəşə tutulub.

Martın 23-də “The Insider”-in rus nəşrinin jurnalisti Oksana Baulinanın Kiyevdə ölməsi haqda məlumat yayılıb. O, paytaxtın Podolski rayonunu rus qoşunlarının atəşə tutmasından sonra dağıntıları lentə alırdı və yeni raket atəşinə tutulub.

Əvvəlki məqaləPrezident Qurban Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
Növbəti məqalədəQazaxıstanda 9 May Qələbə Günündə hərbi parad keçirilməyəcək