Əliyev, Şarl Mişel və Paşinyan arasında növbəti görüş baş tutub, razılaşmalar əldə olunub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Görüş yarım ildə 3-cü dəfədir ki, bu formatda baş tutur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra verdiyi bəyanatda qeyd edib ki, onlar əsas diqqəti Cənubi Qafqazdakı vəziyyətə və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna yönəldiblər.

Şarl Mişel bildirib ki, səmimi keçən görüşdə xeyli məsələlər müzakirə olunub və aşağıdakı nəticələr əldə olunub:

Sərhəd məsələləri

Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

Kommunikasiyaların açılması

Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bundan əlavə mən hər iki liderə vurğuladım ki, Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır.

Sosial-iqtisadi inkişaf

Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. Təşəkkürlər.”-deyə, bəyanatda vurğulanıb.

Əvvəlki məqaləRəşad Ramazanov yenidən narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur
Növbəti məqalədəİran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Tehranda öldürülüb