ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqləyib

ABŞ Senatı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Bu barədə Associated Press xəbər verib.

Qanunun qüvvəyə minməsi üçün ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.

Senatorlar keçən həftə qanunu sürətləndirilmiş rejimdə qəbul etmək niyyətində idilər, lakin bir sıra düzəlişlər edən respublikaçı Rand Paul buna mane olub.

Aprelin sonunda ABŞ prezidenti Co Bayden ABŞ Konqresindən Ukraynaya dəstək üçün 33 milyard dollar ayırmağı xahiş edib. Daha sonra Konqresin özündə yardımın məbləği təxminən 40 milyard dollara çatdırılıb. Bunun 20 milyardı hərbi yardıma gedəcək.

Mayın 11-də qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. 368 konqresmen (hamısı demokratlar və bir çox respublikaçılar) sənədin lehinə, 57-si əleyhinə (hamısı respublikaçılar) səs verib.

Mayın 6-na Pentaqonun hesablamalarına görə, ABŞ müharibə başlayandan bəri Ukraynaya təxminən 3,8 milyard dollar hərbi yardım göndərib. Mayın 9-da Bayden “Lend-Lease” proqramı çərçivəsində Ukraynaya silah tədarükü haqqında qanun imzalayıb.

Əvvəlki məqaləŞəmkirin sabiq icra başçısının həbs müddəti uzadılıb
Növbəti məqalədəBlinken: “Rusiya özü 90-cı illərdə NATO-ya üzv olmaqdan imtina etdi”