Armen Qriqoryan Hikmət Hacıyevlə görüşün bəzi detallarını açıqlayıb

Bakıda başa düşürlər ki, sülh danışıqları “5+6” gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə Yerevanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır. Bu barədə cümə axşamı Yerevanda keçirilən brifinqdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə mayın 2-də Brüsseldə keçirilən görüşünün yekunlarını şərh edərkən bildirib.

“Müzakirələrimiz zamanı bu iki paketin birləşdirilməsi ideyasının qəbul edilmədiyini görməmişəm. Azərbaycan tərəfi bunu başa düşür, bütün digər beynəlxalq tərəfdaşlar bunu başa düşür. Başqa sözlə, “5+6″ bəndləri əsasında sülh danışıqlarının başlaması legitim yanaşmadır və biz qarşılıqlı anlayış gördük”, deyə Qriqoryan bildirib.

Onun sözlərindən aydın olub ki, bu məsələlər razılaşdırıldıqdan sonra mümkün Paşinyan-Əliyev görüşündən danışmaq olar. Hələlik isə belə bir görüş planlaşdırılmır.

Sonuncu Paşinyan-Əliyev görüşündə aprelin sonuna qədər delimitasiya və sərhədin təhlükəsizliyi üzrə komissiyanın yaradılacağı barədə razılıq əldə edilmişdi. Bununla belə, bu komissiya hələ də yaradılmayıb. Qriqoryanın sözlərinə görə, komissiya ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyev Azərbaycan tərəfin artıq öz komissiyasını formalaşdırdığını və Ermənistan tərəfin qərarını gözlədiyini bildirmişdi.

Qriqoryanın bəhs etdiyi “5+6” düsturuna gəlincə, bu düstur Azərbaycanın təklif etdiyi prinsiplərin (5) Ermənistanın təklifləri ilə (6) birləşdirilməsini nəzərdə tutur.

Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasında, gələcəkdə ərazi iddialarından imtinada, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasında, sülh müqaviləsinin bağlanmasında israr edir.

Ermənistan tərəfi bunu qəbul edir, Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edir. Qriqoryanın sözlərinə görə, bu məsələlər Azərbaycanla müzakirə olunur.

Qriqoryan həmçinin Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilməyəcəyi barədə fikir bildirib.

Azərbaycan tərəfi hələlik Brüsseldəki görüşün yekunları və Qriqoryanın bu bəyanatı ilə bağlı şərh verməyib.

MƏNBƏTuran
Əvvəlki məqaləBu ilin 4 ayı ərzində Azərbaycanın neft və qaz gəlirləri 3,4 milyard dolları aşıb
Növbəti məqalədəPutin Lavrovun sözlərinə görə İsrail prezidentindən və xalqından üzr istəyib