BNA: “Google maps”in nəqliyyat komandası ilə danışıqlar aparılır

Bakıda müntəzəm marşrut xətlərinə dair məlumatların “Google maps” servisindən silinməsi narazılıqlara səbəb olub.

Bakı Nəqliyyat Agentliyi (BNA) xəritənin ləğv olunmasına münasibət bildirib.

Bildirilir ki, hazırda “Google maps”in nəqliyyat komandası ilə də danışıqlar aparılır.

Qurumun məlumatında sərnişinlərə “http://alo141.az” saytından istifadə etmək tövsiyə olunub.

Bildirilir ki, portalda paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək mümkündür.

“Google maps” 2014-cü ildən “Transit for Baku” layihəsi əsasında hazırlanaraq istifadəyə verilib.

Xidmət 2022-ci il martın 19-dan avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasını dayandırıb.

“Transit for Baku”nun saytında yerləşdirilən məlumatda deyilir ki, xidmətin ləğvi Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün iş prinsipi qurmaması ilə əlaqədardır.

Həmçinin qeyd edilib ki, BNA “http://alo141.az” saytında naviqasiya üçün “Google maps” dən istifadə edir.

MƏNBƏMeydanTV
Əvvəlki məqaləXankəndidə atışma olub, erməni general-mayor saxlanılıb
Növbəti məqalədəAzərbaycan Milliyyətçi Demokrat Partiyasının üzvünə 28 sutka həbs cəzası verilib