Dilqəm Əsgərov: “Şahbaz kimlərisə şantaj etməklə pul qazanmaq istəyir”

Yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında  Azərbaycana qaytarılan Şahbaz Quliyev bu günlərdə açıqlama verərək bildirib ki, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə gediblər.

Quliyev iddia edib ki, o, müxtəlif vaxtlarda Qarabağda çəkilən görüntüləri Əli Həsənova təqdim edib, ancaq əsir düşdüyü zaman ermənilər həmin görüntüləri ona göstərib. O bildirib ki, əgər dövlət onun sosial problemlərini həll etməsə, yenə gizli saxlanılmalı olan məlumatları açıqlayacaq.

AbzasMedia Baş nazirin sabiq müavini Əli Həsənovla əlaqə saxlaya bilməsə də, Şahbaz Quliyevlə birlikdə Qarabağa səfər edib əsir götürülən, 2020-ci ilin dekabrında ölkəyə qaytarılan Dilqəm Əsgərovun fikirlərini öyrənib.

Əsgərov Şahbaz Quliyevin iddialarının həqiqətə uyğun olmadığını bildirib.

Onun sözlərinə görə, Şahbaz Quliyev heç bir video və ya şəkil çəkməyib.

“1998-cu ildən əsir götürülən günə qədər işğal olunmuş ərazilərə gedən, çəkiliş aparan mən olmuşam. Mən də çəkdiyim şəkilləri, videoları özüm üçün paylaşmışam, dövlətə verməmişəm. Bizim səfərimiz dövlət səviyyəsində təşkil olunmayıb, Şahbaz Quliyevi mən ora yük daşımaq üçün aparmışam. Şahbaz Quliyev isə indi bu vəziyyətdən istifadə edib, kimlərisə şantaj etməklə pul qazanmaq istəyir. Əli Həsənov kimdir? Qaçqınkomun sədri. Onun avtomat bazası var? Əli Həsənovun ixtiyarı varmı ki, kiməsə avtomat versin?”, – deyə Dillqəm Əsgərov bildirib.

Dilqəm Əsgərov qeyd edib ki, bu gün Əli Həsənov haqda deyilənlər təxribatdır və sabah müdafiə nazirinə, baş nazirə yönələcək.

Onun sözlərinə görə, Şahbaz Quliyev Qarabağda Ermənistan hərbçiləri tərəfindən əməkdaşlığa cəlb olunub və tapşırıqları orada alıb.

“Orada həbsxanada gecə mən onun sızıltılarını eşidirdim, başına min oyun açırdılar və əməkdaşlığa cəlb eləyə bildilər. Şahbaz Quliyev tapşırıqları orada alıb. Artıq il yarım keçib və Şahbaz Quliyev çəkilən iyrənc videoları üzə çıxacaq deyə, orada hökumətin əleyhinə danışmaq kimi tapşırıqları icra etməyə məcburdur. Ola bilsin ki, o, çıxılmaz vəziyyətdə qalıb. Bizi heç kim Qarabağa göndərməyib, bu işin rəhbəri mən olmuşam, silahları mən tapmışam və Şahbazı ora sadəcə yük daşımaq üçün aparmışam”, – deyə Əsgərov bildirib.

Dilqəm Əsgərov Şahbaz Quliyevin həbsdən azad olunması ilə bağlı fikirlərini də şərh edib. Şahbaz Quliyev müsahibəsində bildirib ki, Əli Həsənov Qarabağa getməklə bağlı təkliflə çıxış edən zaman, o, Əli Həsənova bildirib ki, Dilqəm Əsgərov oraları daha yaxşı tanıyır və hazırda həbsdədir. Həbsdən azad olunsa, onun bələdçiliyi ilə getmək olar. Məhz bundan sonra Dilqəm Əsgərov azadlığa buraxılıb.

Dilqəm Əsgərov isə bu fikirlərin həqiqətə uyğun olmadığını bildirib və sual edib ki, əgər o cinayətkar idisə, necə azadlığa buraxıblar?

Onun sözlərinə görə, sadəcə 10 günlük tutulub və daha sonra sərbəst buraxılıb.

“Mən 10 günlük tutulmuşam. Aparıblar polisə və sənədləşdiriblər ki, guya məndə narkotik olub. Amma mən heç siqaret çəkməmişəm. Məni yanlışlıqla tutmuşdular. Bu kadrlar verilib televiziyaya. Mən də gedib orada tutulanda dedim ki, mən narkomanam, narkotik alverçisiyəm və bura adam öldürməyə gəlməmişəm. Erməni da orada çıxartdı videonu baxdı ki, hə, mən kiməm. Mən erməninin Qarabağdakı plantasiyalarını yandıran adamam, heç vaxt narkoman olmamışam”, deyə Dilqəm Əsgərov bildirib.

Əsgərov ehtimal edir ki, Şahbaz Quliyev yenə bu istiqamətdə açıqlamalar verəcək və digər dövlət qurumlarını, rəsmilərini ittiham edəcək.

Əvvəlki məqaləŞirvan Apellyasiya Məhkəməsi partiya fəalını azad etməyib
Növbəti məqalədəİlham Əliyev: “Ermənistan delimitasiya ilə bağlı görüşdən imtina edib”