Eldar Həsənov bəraət istəyir

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov Ali Məhkəməyə şikayət verib. Vəkil Valeh Mehralıyev deyib ki, şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması istənir.

İş hakim İlkin Rəcəbovun icraatındadır. İlkin Rəcəbov Abşeron Rayon Məhkəməsinin hakimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi, Bakı İnzibati Məhkəməsinin hakimi olub. 2021-ci ildən Ali Məhkəmənin hakimidir.

1955-ci il təvəllüdlü Eldar Həsənov general-leytenant, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur. “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.

Eldar Həsənov 1977-2000-ci illərdə Azərbaycanın hüquq mühafizə sistemində məsul postlar tutub, o cümlədən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror olub.

2001-ci ildə Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.

Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.

MƏNBƏNovator.az
Əvvəlki məqaləRusiyadan Finlandiyaya qaz ixracı dayandırılır
Növbəti məqalədəTƏBİB: “Meymun çiçəyi”nə qarşı vaksinasiya mövcuddur”