Həbsdə olan partiya sədrinin ofisinin giriş pilləkəni dağıdılıb

Müxalifətdə olan Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) Bakı şəhəri, Fuad İbrahimbəyov küçəsi 14 ünvanında yerləşən ofisinin giriş pilləkəni mayın 1-də naməlum şəxslər tərəfindən dağıdılıb.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Dilguşə Gülümcan Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, ofisin pilləkənləri mayın 1-də gecə saatlarında dağıdılıb.

“Ofisin pilləkənlərinin dağıdılması ilə bağlı polisə müraciət etmişəm. Bu Əli Əliyevin məhkəməsindən sonraya təsadüf edir. Məhkəmə binasının qarşısında (aprelin 22-də Bakı Apellyasiya məhkəməsinin qarşısında insident nəzərdə tuttulur-red) hay-küy oldu. Ondan sonra polislər bizim qərargaha gəlmişdi. Gəldilər gördülər qərargahda cəmi 3 nəfər var, getdilər. Ondan bir həftə sonra bu hadisə baş verib,” o qeyd edib.

VİR sədrinin müavinin sözlərinə görə, polis araşdırmaya başlatıb.

“Dünən, mayın 2-də polis, həmçinin müstəntiq  qərargahımıza gəldi, ərizə yazdıq. Dedilər araşdıracaqlar və bizə məlumat verəcəklər.”

Dilguşə Gülümcan deyib ki, ərazidə müşahisə kamerası yoxdur.

“Əvvəllər müşahidə kamerası var idi. Onu götürüblər. Partiyamızın sədri Əli Əliyev ötən il oktyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılandan sonra özümüz kamera qoymaq qərarına gəldik. Amma məhkəmələrə başımız qarışdı kamera qoya bilmədik.”

O pilləkəni kimlərin sındırması ilə bağlı danışarkən deyib ki, polis müvbəkkili onlara sərxoş insanların sındırması ilə bağlı ehtimaldan danışıb.

“Əgər sabah desələr bunu sərxoş insanlar sındırıb, biz ona inanmayacağıq,” Dilguşə Gülümcan qeyd edib.

2022-ci il yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin polkovnik leytenanatı Emil Cəfərovun şikayəti üzrə Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də isə Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının  həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş eyni məzmunlu şikayəti təmin edib. Hakim Rauf Daşdəmirovun sədrliyi ilə Əliyevə 5 ay həbs cəzası verilib və məhkəmənin əvvəlki 5 aylıq həbs hökmü ilə birləşdirilərək ümumi olaraq 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz.

Əli Əliyevin apellyasiya şikayətləri təmin ediməyib.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verib.

İddiaçıların hər biri Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Xüsusi ittihamçıların şikayətləri ayrı-ayrı icraatda araşdırılıb.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Əvvəlki məqaləXalid Ağaliyev: ‘Media onu ayaqda saxlaya biləcək maliyyə mənbələrinə malik deyil’
Növbəti məqalədəHəbsdə olan hüquq müdafiəçisi aclığa başlayıb