Kitabların üzərinə qoyulan ƏDV ləğv edilib

Azərbaycanda kitablara qoyulan 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvinin tətbiqinə başlanıldığı bildirilir.

Bu haqda “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

O, bu münasibətlə bütün oxucuları təbrik edib.

2021-ci il dekabrın 3-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda kağız və kitab 18 faiz ƏDV-dən azad olunub.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Lakin qanundan irəli gələn tələblər yerinə yetirilməyib. Belə ki, ötən beş ay ərzində “Qanun”, “Ali və Nino”, “LİBRAFF” mağazalar şəbəkələri əlavə dəyər vergisi ödəyib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzindən isə bildirilmişdi ki, qanun qüvvəyə minən tarixdən – 1 yanvar onlar əlavə dəyər vergisindən azad edilib.

Məsələ ilə bağlı kitab satanlar bir araya toplaşaraq, kitab üzərində hələ də qanunsuz olaraq ƏDV-nin saxlanılmasına etirazlarını bildiriblər. Hətta “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Baş nazir Əli Əsadova açıq məktub ünvanlayıb.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənənn kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

MƏNBƏMeydanTV
Əvvəlki məqaləUkraynanın keçmiş prezidentləri ‘Azovstal’dan mülki əhali və hərbçilərin təxliyəsi üçün kömək çağırışı ediblər
Növbəti məqalədəFHN əməkdaşı Ağdamda minaya düşüb