Şagirdin ölümünə görə “Azərişıq” əməkdaşı məsuliyyətə cəlb edilib

Foto: Arxiv

“Gərək kiminsə uşağı ölsün ki, ondan sonra tədbir görsünlər…”

Cəlilabad rayonunun Ocaqlı kəndində orta məktəb şagirdinin ölümünə görə “Azərişıq” ASC-nin əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Söhbət 1-ci sinif şagirdi, 7 yaşlı Hüseyn Zeynalovun məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsindən gedir. Hadisə fevralın 8-də günorta saat 12 radələrində baş verib.

Bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovdur.

İddia olunur ki, Telman Əhmədov xidməti vəzifələrini yerinə yetirmədiyinə görə Hüseyn Zeynalovu elektrik cərəyanı vurub.

Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Artıq istintaq başa çatıb və iş materialları baxılması üçün məhkəməyə göndərilib. Bu iş Cəlilabad Rayon Məhkəməsində araşdırılacaq.

Şahidlərin Meydan TV-yə bildirdiyinə görə, məktəbli dərsdən çıxıb evə gedərkən elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.

Ocaqlı kəndinin sakinləri deyir ki, məktəbin həyətində istismar müddətini çoxdan başa vurmuş bir neçə elektrik dirəkləri vardı. Uşağın toxunduğu yüksək gərginlikli naqil də dirəklərdən birindən qırılıb sallanmış vəziyyətdə olub.

“Hadisədən sonra gəlib dirəkləri dəyişdilər. Amma tam dəyişilmədi. Bunu vaxtında niyə eləmirdilər? Anlamırlar ki, ora məktəbdir və uşaqların həyatı üçün təhlükəlidir? Gərək kiminsə uşağı ölsün ki, ondan sonra tədbir görsünlər…”

Əvvəlki məqaləVilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib
Növbəti məqalədəVətən müharibəsi qazisi intihar edib