Şoyqu: “Azovstal”da 1908 Ukrayna hərbçisi təslim olub”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisində olan 1900-dən çox ukraynalı hərbçinin silahlarını yerə qoyaraq təslim olduğunu iddia edib, “İnterfaks” yazır.

“Zavodda bloklanan millətçilər təslim olmağa başladılar. Hazırda 1908 nəfər silahını yerə qoyub”, – deyə Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. Bir gün əvvəl, mayın 19-da Müdafiə Nazirliyi “Azovstal”dan 1730 nəfərin təslim olduğunu bildirib.

Nazirin sözlərinə görə, Ukrayna hərbçilərindən əlavə “Azovstal” ərazisindən 177 mülki şəxs, o cümlədən 85 qadın və 47 uşaq təxliyə edilib.

Müdafiə Nazirliyinin kollegiyasında çıxış edən Şoyqu həmçinin elan edib ki, tezliklə Rusiya və özünü müstəqil elan edən DXR və LXR qüvvələri Ukraynanın Luqansk vilayətinə tam nəzarəti bərqərar edəcək. “Luqansk Xalq Respublikasının azad edilməsi başa çatmaq üzrədir”, – nazir bildirib.

Mayın 16-da Rusiya Müdafiə Nazirliyi Mariupoldakı “Azovstal” zavodunun ərazisində olan ukraynalı hərbçilərin təslim olmağa başladığını açıqlayıb. “Azovstal”ın müdafiəçiləri özləri komandanlığın əmrinə əməl etdiklərini bildiriblər. Ukrayna hakimiyyəti “Azovstal” döyüşçülərinə münasibətdə “əsir” anlayışından istifadə etmir, lakin onları rus hərbi əsirləri ilə dəyişməyi gözləyir. Rusiya rəhbərliyinin bəzi nümayəndələri, məsələn, Dövlət Dumasının sədri Vyaçeslav Volodin buna qarşı çıxır və “nasist cinayətkarlarının” mühakimə olunmasını tələb edirlər.

Əvvəlki məqaləAzərbaycanda Milli Müdafiə Universiteti yaradılıb
Növbəti məqalədəRusiyadan Finlandiyaya qaz ixracı dayandırılır