Əli Əliyevin həbs müddəti daha 6 ay uzadılıb

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin həbs müddəti daha 6 ay uzadılıb. İyunun 23-də Yasamal rayon Məhkəməsində Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında onun haqqında yeni hökm çıxarılıb.

Hökmə əsasən, partiya sədri CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu da ona kəsilmiş 6 aylıq əvvəlki cəza ilə birləşdirilib. Beləliklə, Əliyevin üzərində qəti olaraq 1 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bu cəzanın əvvəli isə VİP sədrinin həbs olunduğu gündən – 13 yanvar 2022-ci ildən hesablanır.

Hökmdən öncə məhkəmədə son sözünü deyən partiya sədri təqsirsiz olduğunu, Göyüşovu təhqir etmədiyini vurğulayıb. Onun sözlərinə görə, baş verənlər siyasi sifarişin nəticəsidir: “Bu mənə qarşı təqiblərin davamıdır. Görün nə günə qalıblar ki, özlərinin əxlaqsızlığa görə YAP-dan qovduqları adamdan indi siyasi rəqibə qarşı istifadə edirlər”.

Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri internet televiziyalarından birində onun haqqında danışarkən “mastrubant” ifadəsini işlədib, onu təhqir edib. Əliyev isə bu ifadənin tibbi termin olduğunu deyir.

Xüsusi ittihamçı Göyüşov özü də məhkəmədə iştirak etməyib. Onun nümayəndəsi partiya sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Hakim də qısa müşavirədən sonra hökmü elan edib.

VİP sədrinin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: “Əvvəla, ittiham tam əsassızdır. İkincisi, hətta Əli Əliyevin əməlində təhqir cinayətinin tərkibi olsaydı belə, 8 noyabrda verilmiş Amnistiya Aktının təsiri altına düşürdü. Məhkəmə bunu da eləmədi”.

2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb.

Əli Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə 5 ay azadlıqdan məhrum edilib. O, DSX polkovnikinə böhtan atmaqda suçlanıb.

Cəfərov noyabrın 30-da qəzaya uğramış helikopterdən sağ çıxdığı deyilən iki hərbçidən biridir. Apreldə ikinci hərbçi Ramin Cəbrayılovun da eyni məzmunlu iddiası əsasında partiya sədrinin cəzası artırılıb və 6 ay olub.

Lakin Əliyev özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs olunacağı haqda əvvəlcədən xəbərdar edilmişdi. Məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılanda adam 1000 dərəcə istilikdən o vəziyyətdə çıxa bilməz. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə alətdir. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır”.

MƏNBƏAzadlıqRadiosu
Əvvəlki məqaləBeyləqanda pambıq becərən 15 nəfər zəhərlənib
Növbəti məqalədəAvropa Məhkəməsi Azərbaycan üzrə 5 qərarını elan edib