AŞPA Azərbaycanda jurnalistlərə təhlükələrlə bağlı hesabat hazırlayacaq

AŞPA Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq.

Öz növbəsində, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.

Mayın əvvəllərində bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr haqqında qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib. Belçikalı deputat Kristof Lakruanın təşəbbüsünü AŞPA-nın 24 ölkədən olan 37 üzvü dəstəkləyib.

Deputatlar xüsusən jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) fevralın 22-də öz evində öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynovun Turan-a verdiyi məlumata görə, Hüquq məsələləri və insan hüquqları Komitəsi sentyabrın 15-də məruzəçi təyin edəcək. Bundan sonra məruzəçi hesabatı hazırlamağa başlayacaq.

Məruzəçi hesabat üzərində iş dövründə jurnalistlərə təzyiq və təhdid faktları ilə bağlı müraciətlərə reaksiya verəcək.

MƏNBƏTuran
Əvvəlki məqaləAlmaniyadan deportasiya olunmuş siyasi mühacirlərin qohumları növbəti dəfə aksiya keçirib
Növbəti məqalədəMN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”