Avropa Məhkəməsi Azərbaycan üzrə 5 qərarını elan edib

İyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər əsasında 5 qərarını elan edib. Qərarlardan 4-ü dostca anlaşma əsasında elan edilib. Hökumət qərarlar üzrə 20 min avrodan artıq təzminat ödəməlidir.

aihmaz.org saytının məlumatına görə, jurnalist Fikrət İbişbəylinin şikayəti onun  məhkəməyə qədərki həbsilə bağlıdır. Ərizəçi həbsin əsassız olduğundan şikayət edib.

Avropa İnsan Hüquqları Məhkəməsi 11 ay 14 gün müddətinə məhkəməyə qədərki həbsi Avropa Konvensiyanın 5.3-cü maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulması hesab edib və hökuməti iddiaçıya 3500 avro təzminat ödəməyə çağırıb.

Jam.az saytının rəhbəri F.İbişbəyli 2016-cı ilin iyulunda pul tələbetmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182-ci maddəsi) 7 il həbs edilib. Sonradan Ali Məhkəmə həbs müddətini  6 ilədək azaldıb. 2019-cu ilin martında  prezidentin fərmanı ilə əfv olunub.

Dostca anlaşma ilə başa çatan 4 işə gəlincə, bunlar Natiq İsbatov, Ülviyyə Kərimova, Qadir Mahmudov və vətəndaş Xvorovanın şikayətləridir.

Hakimiyyət ölkədən çıxışına əsassız qadağaya görə Natiq İsbatova 6000 avro ödəməyə razılaşıb.

Ülviyyə Kərimova onu Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə iki il müddətinə islah işləri cəzasına məhkum etmiş Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlarına görə 4100 avro alacaq.

Qadir Mahmudov və Xvorova da Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlarına görə müvafiq olaraq 4100 və 3850 avro məbləğində təzminat alacaqlar.

MƏNBƏTuran
Əvvəlki məqaləƏli Əliyevin həbs müddəti daha 6 ay uzadılıb
Növbəti məqalədəPrezidentin ailə üzvlərinə məxsus şirkət Qarabağda əkin-biçinlə məşğul olur [araşdırma]