Belarus məhkəməsi Azadlıq Radiosunun müxbirinə 6 il həbs cəzası verib

Belarus məhkəməsi Azadlıq Radiosu Belarus xidmətinin müxbiri Andrey Kuzneçikə 6 il həbs cəzası kəsib. Azadlıq Radiosunun məlumatına görə, bu barədə iyunun 8-də onun həyat yoldaşı özünün Feysbuk səhifəsində yazıb.

Mənbə yazır ki, iyunun 8-də Mogilev Vilayət Məhkəməsində qapalı məhkəmə prosesi keçirilib və jurnalist “ekstremist qrup yaratmaq” maaddəsi ilə təqsirli bilinib. Proses bir neçə saat sürüb.

Andrey Kuzneçik “Azadlıq” radiosu Belarus xidmətinin teleqram kanalını idarə edirdi.

Jurnalist 2021-ci il noyabrın 25-də saxlanıb.

Onun mənzilində axtarış aparılıb, təhlükəsizlik qüvvələri telefonlar, kompüterlər və digər avadanlıqları müsadirə edib.

Hökumətyönlü teleqram kanallarının məlumatına görə, noyabrın 26-da Minsk məhkəməsi onu “xırda xuliqanlıq”da təqsirli bilərək 10 sutka həbs cəzasına məhkum edib.

Bu müddət bitdikdən sonra jurnalistin həbs müddəti eyni maddə ilə daha 10 sutka uzadılıb. Jurnalist həmin vaxt bütün ittihamları rədd edib.

Ötən il dekabrın ortalarında ikinci müddət başa çatsa da jurnalist azadlığa buraxılmayıb. Qohumlarına onun barəsində cinayət işi açıldığı bildirilib, amma bunun hansı maddə ilə bağlı olduğu barədə heç nə deyilməyib.

MƏNBƏAzadlıqRadiosu
Əvvəlki məqaləAli Məhkəmə Yevlaxın həbsdə olan sabiq icra başçısı haqda hökmü dəyişib
Növbəti məqalədəTASS: “Azovstal”dan çıxan mindən çox ukraynalı hərbi əsir istintaq üçün Rusiyaya göndərilib