Gürcüstanda minlərlə insan Avropa İttifaqı ilə yaxınlaşmaq üçün mitinq keçirib

İyunun 20-də axşam saatlarında Tiflisin mərkəzində keçirilən mitinqə on minlərlə insan gəlib. Avropa İttifaqı ilə yaxınlaşma aksiyasının təşəbbüskarı müxalifətə yaxın “Sirtsxvilia” qeyri-hökumət təşkilatı olub.

“Sirtsxvilia” Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı, daha dəqiq iyunun 17-də Avropa Komissiyasının rəhbərliyi tərəfindən səsləndirilən Aİ tələblərinin hökumət tərəfindən yerinə yetirilməsi ilə bağlı şüarlardan başqa şüarlar irəli sürməmək qərarına gəlib. Həmin tarixdə Brüsseldə Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstanın bir sıra şərtləri yerinə yetirməyənə qədər Aİ-yə üzv namizəd statusu almayacağı elan olunub.

İlk növbədə bu, ölkənin siyasi sahəsinin “deoliqarxizasiyası” tələbidir. Bundan əlavə, Aİ məhkəmə sistemində dərin islahatların aparılmasında israrlıdır ki, bu da məhkəmələrin müstəqilliyini təmin etməlidir. Gürcüstan bu şərtləri yerinə yetirsə, dekabrda ona namizəd statusu verilə bilər.

Mitinq Kür çayının sahilində “Avropa meydanı” istiqamətində yürüş-təzahüratla başa çatıb.

İyunun 16-da da Tiflisdə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək aksiyası keçirilmişdi. O zaman aksiyanı prezident Salome Zurabişvili təşkil etmişdi. Tədbirdən əvvəl Zurabişvili gürcü siyasətçilərinə müraciət edərək, onları müvəqqəti olaraq fikir ayrılıqlarını bir kənara qoyub aksiyaya qoşulmağa çağırıb. Lakin ölkənin iki ən böyük partiyası – hakim Gürcü Arzusu və müxalif Vahid Milli Hərəkat partiyası iştirakdan imtina edib.

Hakim partiya bu qərarını “radikal müxalifət”lə eyni tədbirdə iştirak etmək istəməməsi ilə izah edib. Hakimiyyət Mixail Saakaşvilinin partiyasını belə adlandırır. “Milli Hərəkat”ın sədri Nika Melia isə öz növbəsində bildirib ki, bu prezident mitinqində heç bir problem həll oluna bilməz.

Əvvəlki məqaləMilli Məclisin deputatlarının maaşları artırılır
Növbəti məqalədəDTX Dövlət Gömrük Komitəsinin “İpək yolu”  terminalında əməliyyat keçirib, saxlanılanlar var